Şimali Koreya lideri Kim Çen In və onun həyat yoldaşı bazar günü Pxenyan üçün nadir mərasimdə, pop üslubunda çıxış edən cənubi koreyalı müğənnilərin konsertində iştirak edib.
Cənubi Koreyanın bəzi pop əfsanələri və qızlardan ibarət məşhur “Red Velvet” qrupu da daxil olmaqla Cənubi Koreyadan olan bir qrup ifaçı həftə sonu Şimali Koreyanın iki fərqli mərasimlərində ifa etmək üçün Pxenyana gəlib. Mərasimlərdən biri bazar günü keçirilib, digəri isə çərşənbə gününə nəzərdə tutulub.
İki saatdan çox davam edən konsertdən sonra Kim ulduzlarla görüşüb və səhnə arxasında onlarla şəkil çəkdirib: “Auditoriya bizim ifamıza gözəl reaksiya verdi. Onlar çoxlu əl çaldılar və konsertin sonunda bizimlə bərabər mahnı oxudular. Hətta biz səhnədən getdikdən sonra belə bizi alqışlayırdılar” – deyə Red Velvet qrupunun üzvü Ayrin bildirib.
Kim Pxenyanın şərqində izdihamlı Böyük Teatr zalında keçirilən konsertə həyat yoldaşı Ri Sol Cu, bacısı Kim Yo Conq və digər yüksək səviyyəli rəsmilərlə gedib. Bu ötən 10 ildəndə çox müddətdə ilk dəfə idi ki, Cənubi Koreya musiqiçiləri Şimali Koreyaya səfər edirdi. (Amerikanın Səsi)