XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 April 2018 - 12:35

Yaponiya növbəti hərbi süni peykiniorbitə çıxarıb

Yaponiya növbəti hərbi süni peykini aprelin 5-də yerli vaxtla saat 18:34-də Fransanın Qviana adasındakı Kuru kosmodromundan orbitə çıxarıb.

Azərtac Yaponiya Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, “Ariane-5” raketdaşıyıcısı vasitəsilə orbitə çıxarılan sayca ikinci hərbi süni peyk cari ilin iyulunda fəaliyyətə başlayacaq. Raketin göyərtəsində Britaniyaya məxsus HYLAS 4 rabitə süni peykinin olduğu da bildirilir.

Yaponiya Müdafiə Nazirliyinin bu barədə yaydığı məlumatda deyilir ki, müvafiq testlərdən sonra süni peykin iyulda fəaliyyətə başlayacağı planlaşdırılır.

Məlumatda əlavə olunur ki, “Kirameki-1” hərbi təyinatlı üç kosmik aparatdan ikincisidir. Yeni süni peyklər Yaponiya özünümüdafiə qüvvələrinin quru qoşunlarının, hərbi-dəniz və hərbi-hava hissələrinin yüksəksürətli birbaşa əlaqəsinin təmin edilməsi vəzifəsini yerinə yetirəcək. Yeni hərbi süni peyklərin mövcudluğuna ehtiyac Şimali Koreyanın nüvə və hərbi təhdidlərinin artması ilə əlaqələndirilir.

Əvvəlcə “Kirameki-1”-in 2016-cı ildə kosmosa buraxılması nəzərdə tutulurdu, lakin süni peyk Yaponiyadan Fransa Qvianasına aparılarkən yolda zədə alıb. Nəticədə 2017-ci ilin əvvəllərində “Kirameki-2” süni peyki birinci olaraq orbitə çıxarılıb. Növbəti, üçüncü hərbi süni peykin 2020-ci maliyyə ilinin sonlarında kosmosa buraxılması planlaşdırılır.

Əlavə olaraq bildirilir ki, “Kirameki-1” Sakit okean, “Kirameki-2” Hind okeanı, “Kirameki-3” isə Yaponiya üzərində işləyəcək.