XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 April 2018 - 21:35

BMT Təhlükəsizlik Şurasının Suriya böhranı ilə bağlı təcili iclası başlanıb

 Aprelin 13-də Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının Suriya böhranına həsr edilmiş təcili iclası öz işinə başlayıb.

Fransanın BMT-dəki nümayəndəsi François Delattre “Suriyanın Duma şəhərində dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadəni” pisləyib və deyib ki, buna görə məsuliyyəti prezident Assad və onu dəstəkləyən Rusiya daşıyırlar.

Britaniyanın BMT-dəki səfiri Karen Pierce öz çıxışında deyib ki, Suriya prezidenti Assad-ın rejimi Suriya xalqına qarşı kimyəvi silahlardan istifadədə davam edir. O bildirib ki, Rusiya kimyəvi silahla bağlı cinayətlərin araşdırlmasında beynəlxalq birliklə əməkdaşlıq etmir.

Səfir deyib: “Suriya artıq çoxdan bəridir ki, beynəlxalq hüquqa hörmət etmir və Rusiya bu işdə onu dəstəkləyir”.

Səfir qeyd edib ki, Britaniya Suriya münaqişəsinin çözümünə dair BMT-nin egidası altında aparılan danışıqları dəstəkləyir, lakin Rusiyanın təşəbbüsü ilə aparılan Astana prosesini dəstəkləmir.

Bunun ardınca BMT Təhlükəslzik Şurasının 15 üzvü olan ölkələrin səfirləri çıxış ediblər.

Boliviyanın BMT-dəki nümayəndəsi Sacha Sergio Llorenty Soliz ABŞ və başqa Qərb ölkələrinin adlarını çəkməsə də deyib ki, onlar demokratiyanı yaymaq adı altında çevriliş və hərbi müdaxilələrə əl atırlar.

Səfir bildirib ki, BMT TŞ-nin bugünkü təcili iclasının əsas səbəbi unudulmamalıdır. Bu iclas ona görə çağırılıb ki, BMT TŞ-nin bir üzvü bu qurumun başqa üzvünə hərbi güc işlədəcəyi ilə hədə gəlib. O sonda deyib ki, Boliviya böhranın həlli üçün gücdən istifadəyə qarşı çıxır.

Bundan əvvəl, aprelin 7-də ABŞ prezidenti Donald Tramp Suriyanın Duma şəhərində hökumətin kimyəvi silahdan istifadə etməsinə cavab olaraq Suriya rejiminə raket zərbələri endirəcəyi ilə hədələmişdi.

Bununla əlaqədar Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya ABŞ-ı hərbi gücə əl atmamağa çağırmış və bunun sonu bəlli olmayan nəticələr yaradacağını bildirmişdi.

Bunun ardınca Rusiya aprelin 13-də Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Bu iclasın yekunu olaraq qərar qəbul ediləcəyi gözlənilir.