Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ Prezidenti Donald Tramp qarşıda gözlənilən görüş zamanı Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ilə danışıqlar strategiyasını müəyyənləşdirəcəklər.
Azərtac Kyodo agentliyinə istinadla xəbər verir ki, bu strategiya Pxenyanın nüvə proqramının mərhələlərlə və razılaşdırılmış şəkildə ləğvi barədə təklifinin qəbul edilməməsini nəzərdə tutacaq.
Agentliyin diplomatik mənbələrə əsasən yaydığı məlumatda bildirilir ki, bunun əvəzində tərəflər KXDR-dən nüvə proqramının tam, nəzarət altında və dönməz ləğvini tələb edəcəklər. ABŞ və Yaponiyanın mövqelərinə görə, Pxenyan ilk növbədə bütün atom obyektlərinin fəaliyyətini dayandırmalı və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərini heç bir ilkin şərt qoymadan ölkəyə buraxmalıdır.
Kyodo qeyd edir ki, ABŞ və Yaponiya liderlərinin görüşündə tərəflər nüvə proqramının ləğvi ilə əlaqədar yol xəritəsini işləyib hazırlayacaqlar. Eyni zamanda, Şinzo Abe KXDR-də təftişlərin aparılması ilə əlaqədar BAEA-nın məsrəflərinin bir hissəsini Yaponiyanın öz üzərinə götürməyə hazır olduğunu da bildirəcək.
Bununla yanaşı, məlumatda xatırladılır ki, KXDR lideri Kim Çen In martda Çin lideri Si Çinpinlə görüşü zamanı nüvə proqramının ləğvi ilə bağlı planın hazırlanmasının mümükünlüyü barədə məlumat verib. Şimali Koreya liderinin təklifinə görə, bu proses bir neçə mərhələdə həyata keçirilməlidir.
Yaponiyanın fikrincə isə bu cür yanaşma KXDR tərəfindən müəyyən şantaj xarakteri daşıyacaq və danışıqlar zamanı yalnız onun xeyrinə olan şərtlərin irəli sürülməsinə imkan yaradacaq. Burada söhbət ilk növbədə nüvə proqramının ləğvi müqabilində sanksiyaların dayandırılması və iqitisadi yardımın təklif olunmasından gedir.
Xatırladaq ki, Ş.Abe aprelin 17-dən 20-dək ABŞ-a səfər edəcək. Səfər çərçivəsində D.Trampla aparılacaq danışıqlarda KXDR məsələsinin əsas mövzu olacağı gözlənilir.