XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

17 Aprel 2018 - 16:35

“Böyük Yeddilik” Moskvadan kimyəvi zəhərin sirrini tələb edir –Yeddi avropalı nazir bəyanat yaydı  

 

Sənaye ölkələrinin yığışdığı Böyük Yeddiliyin (G7) xarici işlər nazirləri Rusiyanı ötən ay Britaniyada rusiyalı keçmiş casus və qızının zəhərlənməsiylə bağlı “tam və hərtərəfli informasiya” verməyə çağırıb.

G7 nazirləri aprelin 16-da yaydığı bəyanatda bildirir ki, Britaniyanın dəyərləndirməsiylə razıdır. Britaniya Sergey Skripal və qızı Yuliyanın sinir qazıyla zəhərlənməsinə görə Rusiyanı məsul tutur. Zəhərlənmə zamanı sovet istehsalı olan Noviçok adlı qazdan istifadə olunduğu bildirilir.

Rusiya zəhərlənmədə əli olmadığını bildirir.

“ALTERNATİV İZAH YOXDUR”

Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (OPCW) aprelin 12-də bildirib ki, Britaniyanın qazın tipiylə bağlı tapıntılarıyla razılaşır. OPCW açıqladığı bəyanatda maddənin adını çəkməyib.

“Rusiya Federasiyasının bu hücuma görə məsuliyyət daşımasıyla bağlı Britaniyanın dəyərləndirməsini paylaşır, onunla razılaşırıq, buna alternativ həqiqətə uyğun izah yoxdur”, – G7-nin xarici işlər nazirləri aprelin 16-da yaydıqları bəyanatda bildirirlər.

Skripallar martın 4-də İngiltərənin cənubundakı Solsberi şəhərində skamyada huşsuz vəziyyətdə tapılıblar. Yuliya Skripal aprelin 10-da xəstəxanadan buraxılıb, atasının “hələ də ciddi xəstə olduğu” bildirilir. Britaniya polisinin yaydığı açıqlamada Yulia-nın da “sinir qazının təsirindən əziyyət çəkdiyi” qeyd olunurdu.

Bu insident Qərblə Rusiya arasında gərginliyi artırıb, onlar bir-birlərinin diplomatlarını qovub, başqa tədbirlərə əl atıblar.

“Rusiya beynəlxalq öhdəliklərə uyğun olaraq əvvəl açıqlamadığı Noviçok qazı proqramı barədə bütün məlumatları OPCW-yə verməlidir”, – G7-nin bəyanatında deyilir. G7-yə Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Birləşmiş Ştatlar daxildir. Bəyanata Avropa Birliyi də qoşulub. (Azadlıq radiosu)