Almaniya federal polisi mütəşəkkil cinayətkarlığa qarşı öz tarixinin ən böyük əməliyyatına imza atıb.
Azərtac xəbər verir ki, bununla bağlı məlumat Şimali Reyn-Vestfaliya federal polis bölməsinin “Twitter” hesabında yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Almaniyanın bütün ərazisini əhatə edən əməliyyat “insanların sərhəddən qeyri-leqal keçirilməsi, məcburi cinsi istismara” qarşı yönəldilib. Reyd və basqınlarda xüsusi təyinatlı polis dəstələri iştirak edib. Ümumilikdə əməliyyata mindən artıq polis cəlb olunub. Altmış masaj salonunda axtarışlar aparılıb və yüzdən çox şübhəli saxlanılıb. Ən böyük əməliyyatlar Şimali Reyn-Vestfaliya federal vilayətində keçirilib.
AFR və Tailand vətəndaşları olan 15-dən 20-dək şübhəlinin əsas rol oynadığı mütəşəkkil cinayətkar qruplaşma federal polisin nəzarətindədir. Onlar istismar məqsədilə insan ticarətində şübhəli bilinirlər. Polisin məlumatına görə, şübhəlilər bu cinayətlər hesabına yeddirəqəmli məbləğdə pullar əldə ediblər.