Suriyada İŞİD-in tərəfində 5 mindən 6 minədək avropalı döyüşür
Suriya prezidenti Bəşər Əsəd Avropa mətbuatına müsahibəsində qeyd edib ki, radikal İŞİD qruplaşmasının ən təhlükəli liderləri Skandinaviya ölkələrindən gəlmələrdir.
Strateq.az xarici mətbuata isnadən bildirir ki, Suriya prezidentinin sözlərinə görə, yaraqlıların geri qayıtması bölgəsəl problem deyil, kürəsəl müşküldür. Əsəd misal kimi 2015-ci ilin yanvarında həftəlik “Charlie Hebdo” fransız dərgisinin redaksiyasına hücumu, həmçinin Teymur Əbdülvəhhabın 2010-cu ildə Stokholmda törətdiyi teraktı xatırladıb.
“Terrorizmə necə qalib gəlmək olar?” sualını cavablandıran Əsəd deyib ki, “Bu, müharibə deyil, birinci növbədə, baxış nöqtəsidir. Biz onlarla ideoloji sahədə mübarizə aparmalıyıq. Bu isə təhsil və mədəniyyəti inkişaf etdirməyimizin zəruriliyi deməkdir. Terrorun kökünü kəsmək üçün həm də yoxsulluqla mübarizə aparmaq lazımdır”.
Ədliyyə məsələləri üzrə Avropa komissarı Vera Yurova əvvəllər mətbuata bildirib ki, Suriyada yaraqlıların tərəfində 5 mindən 6 minədək avropalı döyüşür.