XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Aprel 2018 - 12:16

Makron İran prezidenti ilə danışdı –Nüvə sazişinə təklif edilən 3 əlavə mövzu hansıdır?

 

Fransa prezidenti Emmanuel Makron iranlı həmkarı Həsən Ruhani ilə 2015-ci ildə imzalanmış İran nüvə sazişini qoruyub saxlamaqdan ötrü birlikdə çalışmağa razılaşıblar.

Onlar bu razılığa telefon söhbətində gəliblər.

Yelisey Sarayının aprelin 29-da yaydığı məlumatda deyilir ki, Makronla Ruhani “2015-ci il razılaşmasının kontentinin bütün komponentləri ilə birlikdə qorunub saxlanmasından ötrü gələn həftələr ərzində birlikdə çalışmağa razılaşıblar”.

Makron həmçinin “üç əlavə, ayrılmaz mövzunun” əhatələnməsi üçün müzakirələrin genişləndirilməsini təklif edib. Həmin mövzular Tehranın ballistik raket proqramı, 2025-ci ildən sonrakı nüvə fəaliyyəti, Yaxın Şərqdə “əsas regional böhranlar”dır.

RUHANİ YENİ DANIŞIQLARI İSTİSNA EDİR

Ancaq Ruhani Makrona deyib ki, saziş olduğu kimi qalmalıdır və şərtlərlə bağlı “heç cür yenidən danışıqlar aparıla bilməz”.

“Nüvə sazişi, yaxud onun bəhanəsiylə hər hansı başqa mövzu heç bir halda danışıqlara çıxarıla bilməz”, – İran prezidentinin idarəsi Ruhaninin Makrona belə dediyini bildirir: “İran öhdəliklərindən kənar hər hansı məhdudiyyəti qəbul etməyəcək”, – Ruhani əlavə edib.

Bəyanatlarda sazişin necə qorunub saxlanacağı açıqlanmayıb. Belə ki, İran sənəddə hər hansı dəyişiklikləri istisna edir, ABŞ prezidenti Donald Tramp isə “dəhşətli qüsurlar”ın düzəldilməsini tələb edir.

Sazişə görə, İranın nüvə proqramını məhdudlaşdırması əvəzində Tehrana beynəlxalq sanksiyalar yüngülləşdirilib. Tramp İranı ballistik raket sınaqları keçirməklə, regionda yaraqlıları maliyyələşdirməklə sazişin ruhunu pozmaqda suçlayır.

Ancaq Ruhani Makrona digər regional məsələlərlə bağlı dialoqa başlamağa hazır olduğunu bildirib. (Azadlıq Radiosu)