XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

03 May 2018 - 14:38

Prezident seçkiləri ilə eyni vaxtda iki referendum keçiriləcək- Litvada

2019-cu ilin mayında Litvada növbəti prezident seçkiləri ilə eyni vaxtda iki referendum – deputat korpusunun təxminən 13 faiz ixtisarı (141 parlamentaridən 121-dək) və ikili vətəndaşlığın tətbiqi barədə ümumxalq səsverməsi keçiriləcək. Bu barədə Litva Seyminin spikeri Viktoras Prantsketis ölkənin milli radiosunda məlumat verib.

Azərtac xəbər verir ki, spiker və bir sıra siyasətçilərin fikrincə, parlamentdə indi olduğu kimi 141 deyil, 121 deputat fəaliyyət göstərməlidir, çünki deputat korpusu vətəndaşların real təmsilçiliyinə uyğun gəlmir. Seymin say heyəti Konstitusiyada təsbit edilib. Ölkənin hazırda qüvvədə olan Əsas Qanunu 1992-ci ildə qəbul ediləndə Litva əhalisinin sayı 3,7 milyonu ötmüşdü. Bu gün isə ölkənin 2,8 milyon əhalisi var.

Litvada ikili vətəndaşlıq məsələsi Böyük Britaniyanın Avropa İttifaqından çıxmasını bəyan etdikdən sonra xüsusilə kəskinləşib. Litvanın 200 mindən çox əhalisi Böyük Britaniyada yaşayır. Sorğulara görə, bu miqrantların azı 25 faizi yeni şəraitdə Litva vətəndaşlığından imtina etməyə və Britaniya vətəndaşı olmağa hazırdır.

Litva Respublikasının Əsas Qanununu parlamentin iki dəfə səsverməsi ilə dəyişmək olar, lakin Konstitusiya məhkəməsi bildirib ki, ikili vətəndaşlığın tətbiqi üçün referendum lazımdır.