Ermənistanın müxalifət hərəkatının lideri Nikol Paşinyan Ermənistanın baş naziri vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün tələb olunan parlament deputatlarının üçdə birinin imzasını toplayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “Yolk” (“Çıxış”) müxalifət blokundan olan deputat Ararat Mirzoyan bildirib.
“Paşinyanın namizədliyi bu gün və ya sabah rəsmən irəli sürüləcək”, – A.Mirzoyan vurğulayıb.
Öz növbəsində, “Tsarukyan” blokunun nümayəndəsi, deputat Naira Zöhrabyan təmsil etdiyi blokun 31 deputatından 27-sinin artıq sənədi imzaladığını qeyd edib.
N.Paşinyanın hökumət başçısı postuna namizədliyinin lehinə “Tsarukyan” blokundan əlavə, “Daşnaksütyun” və “Yolk” fraksiyaları da mövqelərini bildiriblər.
Xatırladaq ki, mayın 8-də Ermənistan parlamentində növbədənkənar baş nazir seçkiləri keçiriləcək.