“Mən Nikol Paşinyanla işləyəcəyəm”, – bunu “Exo Moskvı” radiosuna müsahibəsində Ermənistan prezidenti Armen Sarkisyan baş nazir seçiləcəyi təqdirdə Nikol Paşinyanla işləməyin onun üçün nə dərəcədə yüngül olacağı sualını cavablandırarkən deyib.
“Əgər mən onunla meydanda işləməyi bacardımsa… Yəqin ki, bacararam. Nəinki bacararam, onunla işləyəcəyəm. O, gənc, doğrudan da, istedadlı insandır… Həm gənclərin, həm də o qədər gənc olmayan insanların emosiyalarını, düşüncələrini və arzularını bacarıqla hiss və idarə edir. Lakin bu, yalnız bir keyfiyyətdir. Necə baş nazir olacağını isə zaman göstərəcək. Mənim rolum isə, həyat təcrübəmi və bu həyatdakı prinsiplərimi nəzərə alaraq, arzu edərsə, ona məsləhət verməkdən və bunu göstərməkdən ibarət olacaq ki, mənim üçün əsas həmişə qanun, qanunçuluq və Konstitusiya olub. Başqa sözlə, kimsə Konstitusiyanı, yaxud qanunu pozmaq istəsə, məndə bir divar görəcək”, – Sarkisyan bildirib.
Mayın 8-də Paşinyanın baş nazir seçilməsi perspektivlərindən danışarkən Sarkisyan qeyd edib ki, proqnoz vermək çətindir, belə ki, “hamımız insanıq” və hər şey “Tanrının hökmü ilədir”. O, vurğulayıb ki, mayın 8-də Ermənistan öz baş nazirini seçəcək: “Yeni hökumət elə ilk gündən həyatın reallıqları ilə üz-üzə qalacaq. Səhvləri, çatışmazlıqları və problemləri göstərmək bir şeydir, onları həll etməyə imkan verəndə isə başqa şey. Göstəriş vermək həmişə konstruktiv iş görməkdən asandır. Düşünürəm ki, Paşinyan və tərəfdaşları hakimiyyətə yaxın olduqca daha realistik olmalıdırlar…”