XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

12 May 2018 - 18:11

Tramp özündən asılı olmadan Moskva ilə Berlini yaxınlaşdırıb

Hazırda Rusiya ilə Almaniyanın qarşılıqlı yaxınlaşması, demək olar ki, labüddür. Lakin bu, Almaniya XİN rəhbərinin Moskvada mübahisəli mövzulara da toxunmasına mane olmayıb.

Azərtac xəbər verir ki, icmalçı Kristian Trippenin DW agentliyinin saytında dərc olunmuş məqaləsi bu barədədir.

ABŞ bunu çox güman ki, bilərəkdən etməyib, lakin o, Rusiyanın siyasi nüfuzunu xeyli artırıb. Amerika Prezidenti Donald Tramp tərəfindən İranın nüvə proqramına dair sazişin birtərəfli şəkildə pozulmasının nəticələrindən biri bundan ibarətdir. Moskvada bu sazişi nəyin bahasına olursa olsun, saxlamaq istəyirlər. Kreml bu məsələdə özünü Qərbi avropalılarla eyni tərəfdə görür. Parisdə, Berlində və Londonda çox yaxşı bilirlər ki, Tehranda Moskvanın çox sıx əlaqələr şəbəkəsi var. İran və Rusiya müttəfiqlərdir, onlar Suriya müharibəsində eyni tərəfdə vuruşurlar.

Müəllif yazır: “Trampın eqosentrik siyasəti İranda sərt xətt tərəfdarlarının hakimiyyətə gəlməsi ilə nəticələnə bilər. Tehrana isə ilk növbədə Kreml təsir göstərə bilər. Beləliklə, Moskvanın baş diplomatı, sərt mövqedən danışıqlar aparmağa adət etmiş Sergey Lavrov yenidən belə bir imkan qazanılmasına görə rahat ola bilər”.

Almaniyanın xarici işlər naziri Hayko Mas mayın 10-da yeni vəzifəsində Rusiyaya ilk rəsmi səfərə gələndə dünya siyasətinin bu kompozisiyası ona yaxşı məlum idi, lakin bu, naziri narahat edən yeganə məsələ deyildi. Bu vəzifədə Masın əvvəlki iki sələfi də onun kimi, Almaniya Sosial-Demokrat Partiyasına (ASDP) mənsub idi və Moskva onları Rusiyaya dostcasına münasibət bəsləyən siyasətçilər hesab edilirdi. Lakin onlardan fərqli olaraq Mas Moskva ilə münasibətlərə yeni mövqedən yanaşır. O, müsahibələrindən birində deyib ki, Rusiya getdikcə düşməncəsinə hərəkət edir. Nazirin bu sözləri, ilk növbədə, özünün mənsub olduğu ASDP tərəfindən ona ciddi irad tutulub.

Digər tərəfdən, sabiq federal kansler Herhard Şröder Rusiyanın energetika nəhəngi sayılan “Qazprom”da xidmət edir. Bu siyasətçi Vladimir Putin ilə dost olmasını çox sərbəst şəkildə nümayiş etdirir. O, Putinin inauqurasiya mərasimində birinci sırada patriarx Kiril ilə Baş nazir Medvedevin arasında dayanmışdı. Kreml rəhbərliyinə bundan artıq yaxınlıq ola bilməz.

İndi də Mas məsafə saxlayır. Kremlə dostcasına münasibət bəsləyən və təkcə sosial-demokratlardan ibarət olmayan alman siyasətçilərinin bir qismi nazirdən Rusiya ilə dialoqu dərhal bərpa etməsini tələb ediblər. Mas Moskvada açıq deyib: O, təkcə dialoq aparılmasını deyil, dialoqun namuslu aparılmasını istəyir.

Almaniyanın xarici işlər naziri bütün bunları Moskvada açıq söyləyib. Bununla belə, o, vəziyyəti bir qədər yaxşılaşdırmağa nail olub. Məsələn, ali məktəblər arasında əməkdaşlıq, təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi sahəsində bir neçə Almaniya-Rusiya layihəsinin reallaşdırılmasına təkan verib. Əlbəttə, münasibətlərin bu yeni başlanğıcı çox fərəhləndirici deyil, lakin hər halda ümumi maraqlar axtarışıdır.

Kristian Trippenin fikrincə, hər halda lap yaxın vaxtlarda Rusiya-Almaniya münasibətlərində yeni mərhələlinin başlanğıcı müşahidə olunacaq.