“İslam Respublikası müxaliflərə göstərmək istəyir ki, biz burada olmasaq, İran dağılacaq və xaos olacaq. Yəni bir şəkildə təhdid edir ki, bizimlə anlaşacaqsınız,”.
Strateq.az “Amerikanın səsi”nə istinadən bildirir ki, bu sözləri Güney Azərbaycan İstiqlal Partiyasının (GAİP) sədri Saleh İldırım bildirib. O, İran hakimiyyətinin daxili böhranla qarşı-qarşıya olduğunu ifadə edib.
Partiya rəhbəri, İran toplumunun müxtəlif kəsimlərində hakimiyyətdən narazılığın ən yüksək həddə çatdığını vurğulayıb. Saleh İldırımın dediklərinə görə, prezident Donald Trampın ABŞ-ın İranla nüvə sazişindən çıxması qərarından sonra “sanksiyaların bərpa edilməsi İranı başqa bir anlaşmaya getməyə məcbur edəcək. İran hərbi vəziyyətə daxil olmamaq üçün boyun əyəcək”.
“Bir tərəfdən qeyri-fars millətlərin milli azadlıq hərəkatları, digər tərəfdən də toplumda iqtisadi sıxıntılardan narazılığın səviyyəsi o qədər yüksəkdir ki, rejim əlavə olaraq xarici konfliktlə baş edə bilməz,” İldırım qeyd edib. GAİP-ın sədri İran hakimiyyətinin qeyri-fars cəmiyyətlərin razılığını cəlb edə bilməyəcəyini və artıq bunun üçün çox gec olduğunu önə çəkib: “İranda hakimiyyət və qeyri-fars millətlər arasında artıq barış ola bilməz. Şovinizm o mərhələdən keçib. Ümumiyyətlə, hakimiyyətin daxildə legitimliyi qalmayıb. Öz içində də birlik yoxdur. Bu düzəldilə biləcək durum deyil.”
Onun sözlərinə görə, bu vəziyyətdə, İslam Respublikası müxalif qruplara göstərmək istəyir ki, biz burada olmasaq, bu millətlər İranı parçalayacaq. “Burada xaos çıxacaq. Ya da, onların dediklərinə görə, Suriya şəraiti yaranacaq. Yəni müxalifləri bir şəkildə təhdid edirlər ki, bizimlə anlaşacaqsınız”- deyə Saleh İldırım vurğulayıb.