XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 May 2018 - 22:18

Dünya Səhiyyə Təşkilatı tədbirlər planı hazırlayıb- Transyağlardan istifadə əleyhinə

Dünya Səhiyyə Təşkilatı (DST) bütün ölkələri 2023-cü ilədək transyağları qida məhsullarının tərkibindən tamamilə çıxarmağa çağırıb.

Azərtac DST-nin saytına istinadla xəbər verir ki, təşkilat bu məqsədlə “REPLACE” tədbirlər planı hazırlayıb. Transyağlardan istifadə nəticəsində meydana gələn ürək-damar xəstəlikləri hər il 500 mindən çox insanın ölümünə səbəb olur.

Təşkilatın baş katibi Tedros Adxanom Qebreyesus bildirib ki, DST-nin planında yer almış altı strateji tədbir transyağlardan tamamilə imtina edilməsinə şərait yaradacaq və ürək-damar xəstəliklərinin qarşısının alınmasında mühüm addım olacaq.

“REPLACE” planında yer almış strateji tədbirlərə transyağların sənayedə istehsalı mənbələrinin öyrənilməsi və onların qida məhsullarının tərkibindən birdəfəlik çıxarılması, transyağların faydalı bitki yağları ilə əvəz edilməsi, bu məqsədlə dövlətlərin qanunvericilik təşəbbüsü ilə çıxış etmələri, əhalinin transyağlardan istifadəsinin qarşısının alınması üçün monitorinqlərin təşkil olunması daxildir.

DST-nin məlumatında qeyd olunub ki, bir çox inkişaf etmiş ölkələr bu yağları qadağan edib, yaxud müvafiq istiqamətdə iş aparır. Statistik rəqəmlər göstərir ki, sağlamlıq üçün təhlükəli yağları qadağan edən ilk ölkə olan Danimarkada ürək-damar xəstəlikləri xeyli azalıb. “Vital Strategies” təşkilatının “Həyatı qurtarmaq üçün qətiyyət” təşəbbüsünün direktoru Tom Fridenin sözlərinə görə, Danimarkanın ardınca gedən Nyu-Yorkda da sənaye mənşəli toksik yağlardan imtina edilməsi üçün tədbirlər görülür. Aşağı və orta gəliri olan ölkələrdə isə bu sahədə səmərəli iş aparılmır.

DST-nin qeyri-infeksion xəstəliklərə qarşı mübarizə üzrə qlobal səfiri Maykl Blumberq yaranmış şəraiti belə şərh edib: “Nyu-Yorkda həyata keçirilən tədbirlər qida məhsullarının qiymətinə təsir göstərmədi və qısa zamanda ürək-damar xəstəliklərinin sayı azaldı. Bildiyiniz kimi, tütünə qarşı tədbirlər qlobal miqyasda böyük uğurlarla nəticələndi, indi isə transyağların istifadəsi əleyhinə analoji tədbirlər vasitəsilə dünyada ürək-damar xəstəliklərindən ölüm hallarının sayını azalda bilərik”. O, əlavə edib ki, bu tədbirlərin sayəsində növbəti 25 ildə 17 milyon insanın həyatını xilas etmək mümkün olacaq.