XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 May 2018 - 17:05

Putin Venesuela prezidentinə yardım əli uzatdı –Rusiya ABŞ-ın “sanksiyanı pozma” çağırışına məhəl qoymayıb

Rusiya prezidenti Vladimir Putin venesuelalı həmkarı Nikolas Maduroya dəstək təklif edib.

Birləşmiş Ştatlar, Avropa Birliyi, Latın Amerikası ölkələri isə onun təkrar prezident seçilməsini “saxta” adlandırıb. “Rusiya prezidenti Maduroya sağlamlıq və ölkənin sosial və iqtisadi problemlərinin həllində uğur arzulayıb”.

Strateq.az azadlıq.org-a istinadən bildirir ki, bu barədə mayın 21-də Kremdlədn verilə açlıqlamada bildirib. Putin “Venesuela xalqının maraqlarına xidmət edən milli dialoqa” çağırıb.

Rusiya ötən il Venesuelanın köməyinə gəlib, borcunu restrukturizasiya edib. O zaman neftin ucuzlaşması və Birləşmiş Ştatların sanksiyaları bu ölkəni defolta sürükləyirdi. Vaşinqton mayın 21-də bildirib ki, Maduronun avtokratik idarəçiliyi gücləndirməsinə cavab olaraq sanksiyalar da artırılacaq.

20 may seçkisində Maduronun səslərin 68 faizini topladığı bildirilib. Əsas müxalifət qrupları seçkini boykot edib, çünki onlara tanınmış namizədlərini irəli sürməyə imkan verilməyib. Müxalifət seçkinin saxtalaşdırıldığını deyib. Hələ seçkidən öncə Birləşmiş Ştatlar, Kanada, Avropa Birliyi və 10-dan artıq Latın Amerikası ölkəsi seçkinin nəticəsini tanımayacağını bildirib.

ABŞ-ın vitse-prezidenti Mayk Pens seçkini “saxta – nə azad, nə də ədalətli” adlandırıb. ABŞ mayın 21-də Karakasa yeni sanksiyalar elan edib. Prezident Donald Tramp Maduronu “demokratiyanı bərpa etməyə, azad və ədalətli seçki keçirməyə, bütün siyasi məhbusları dərhal və qeyd şərtsiz buraxmağa, repressiyaya, Venesuela xalqının iqtisadi məhrumiyyətlərinə son qoymağa” çağırıb.

ABŞ-ın aparıcı rəsmisinin bildirməsinə görə, Tramp administrasiyası Venesuelanın iki böyük kreditoru olan Rusiya və Çinlə müzakirələr aparıb, onlardan sanksiyalara qarşı getməməyi tələb edib. Ancaq Kremlin mayın 21-dəki açıqlamasına görə, Maduroya dəstək göstəriləcək.

Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ və müttəfiqlərinin tutduğu mövqenin “uzunmüddətli ağır fəsadlar” verəcəyini qeyd edib.

Maduro isə “Twitter”də Putinə “zəfərimizi tanıdığı” üçün təşəkkür edib, Rusiyayla “çoxqütblü dünyanın qurulması” yönündə işi davam etdirməyə boyun olub. Belarus prezidenti Aleksandr Lukaşenka da Maduronu dəstəkləyib, seçkini “əsl demokratiya” adlandırıb.

Rusiya və Çin Venesuelanın əsas kreditorlarıdır. Karakasın onlara uyğun olaraq 8 milyard və 28 milyard dollar borcu var.