Türkiyə ilə Birləşmiş Ştatların birgə işçi qrupu Ankara görüşündə Suriyanın Münbic əyalətində təhlükəsizlik və sabitliyin təmin edilməsi ilə bağlı “yol xəritəsi” nin əsasını hazırlayıblar.
Strateq.az Azadlıq Radiosuna istinadən bildirir ki, bu barədə mayın 25-də Türkiyə Xrici İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Mayk Pompeo iyunun 4-də bu məsələni müzakirə etməlidirlər.
Türkiyə yanvarın sonlarından Suriyanın şimalında hərbi əməliyyatlar keçirir. Əməliyyat zamanı bu bölgədə yerləşən Münbic şəhəri də nəzarətə götürülməli idi. Amma həmin ərazidə ABŞ-ın hərbi bazası var. Məlumata görə, ABŞ-ın həmin bölgədə 2 minədək hərbi qüvvəsi yerləşib.
Ankara bundan əvvəl Vaşinqtonu öz qüvvələrini Münbicdən çıxarmağa çağırsa da, ABŞ bundan imtina edib.
Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, əməliyyatda məqsəd sərhəd bölgəsini İŞİD və kürd yaraqlılarından təmizləməkdir. Ankara ordakı yerli kürd qruplaşmasının terrorçu PKK təşkilatı ilə əlbir olduğunu iddia edir.
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq hərbi koalisiya da 2014-cü ildən bölgədə İŞİD yaraqlılarına qarşı mübarizə aparır.
Bu koalisiya eyni zamanda Suriya prezidenti Bəşər Əsəd rejiminə qarşıdır. Həmçinin Rusiya 2015-ci il sentyabrın 30-dan Suriyada hərbi kampaniya aparır. Moskva Suriya münaqişəsində Əsəd rejiminin tərəfini saxlayır.