XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

27 May 2018 - 17:11

Elmar Məmmədyarov:"Fransanın ADR-in tanınmasında çox böyük rolu olub"

“Bu gün biz ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət, ticarət kimi sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdik. Nazir Jan-Iv Lö Drian Prezident İlham Əliyevlə bu gün səhər görüşüb və iki saata yaxın danışıqlar aparıb. Ümumiyyətlə, 1997-ci ildən etibarən Fransa xarici işlər nazirinin ilk rəsmi səfəridir”.

“Report” xəbər verir ki, bunu Bakıda fransalı həmkarı Jan-İv Lö Drian ilə görüşdən sonra jurnalistlər üçün keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O xatırladıb ki, Azərbaycan, Xalq Cümhuriyyətinin 100 illik yubileyini təntənəli qeyd edir və Fransanın da burada rolu vardır:

“Belə ki, Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il 11 yanvarda de-fakto tanınması həyata keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə 100 nəfər gənc tələbə təhsil almaq üçün xaricə göndərilib. Onların sırasında 50-ə yaxın azərbaycanlı tələbə Fransanın müxtəlif elm ocaqlarında təhsil alıb. Azərbaycanlı tələbələr Paris Universiteti, Nansi Universiteti, Lion Universiteti, Tuluza Ali Texniki Məktəbi, Nansi Ali Toxuculuq məktəbində gəmiqayırma, tibb, fizika-kimya, geologiya və s. müxtəlif ixtisaslara yiyələniblər”.

Nazirin sözlərinə görə, bu gün də Fransa və Azərbaycan arasında təhsil sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Bu xüsusda Birgə Azərbaycan-Fransız Universitetinin təsis edilməsinin mühüm əhəmiyyəti var.

“Həmkarımla Azərbaycanın xüsusi imtiyazlı rejim əsasında fəaliyyət göstərən sənaye parklarında və sənaye məhəllələrində Fransa şirkətlərinin iştirakı və birgə istehsalat müəssisələrinin yaradılması məsələlərini müzakirə etdik. Hazırda Fransanın 50-dən artıq şirkəti Azərbaycanda fəaliyyət göstərir. Onların arasında ilk növbədə enerji sahəsində “Total” şirkətidir. “Arianespace” şirkəti Azərbaycanın ilk kosmik peykinin buraxılmasında iştirak edib. Digər şirkətlər, məsələn Fransa istehsalı olan “BakuBus” avtobusları Azərbaycanda fəaliyyət göstərir”, – deyə nazir əlavə edib.

E.Məmmədyarov həmçinin, həmkarı ilə həm tək təkbətək, həm də geniş tərkibli görüşlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə müzakirə apardığını qeyd edib.

“Biz ümidvarıq ki, Fransa ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələri ilə birlikdə münaqişənin tezliklə həll olunması və regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün səylərini artıracaq.

Avropa İttifaqı ilə bağlı müzakirələr apardıq. Bilirsiniz ki, Azərbaycan əməkdaşlıq sazişini müzakirə edir və bu danışıqlarda xeyli irəliləyişlər var. Əlbəttə ki, Aİ üzv ölkəsi kimi, Avropa İttifaqı qurumları ilə əlaqələrimizin inkişafında Fransanın dəstəyinə ümidvarlığımı ifadə etdim”, – deyə o bildirib.