XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

04 İyun 2018 - 14:22

TRAMPIN ZİDDİYYƏTLİ BƏYANATLARI:“İndicə FTB rəhbərini qovmuşam, o dəli, əsl psix idi”

 

Kris Slitsa

CNN

02 iyun 2018

 

Cümə axşamı prezident Donald Tramp (Donald Trump) “Twitter”-də bu sözləri yazıb: “Elə də vacib məsələ deyil, ancaq mən heç vaxt Cemys Komini (James Comey) Rusiyaya görə qovmamışam! Korrupsiyaya uğramış aparıcı mətbuat orqanlarının bu versiyanı irəli sürməkdən xoşları gəlir, ancaq onlar bunun doğru olmadığını bilirlər”.

Trampın bəzi bəyanatlarını müvafiq faktlarla yoxlamaq çətindir, çünki onlar subyektiv fikirlərə əsaslanır, müxtəlif cür şərh edilə bilər.

Ancaq yuxarıdakı bəyanat onlara aid deyil.

Ötən il mayın ilk günlərində baş verən hadisələri xatırlatmaq istərdim. Mayın 9-u Tramp FTB-nin o vaxtkı direktoru Ceyms Komini vəzifəsindən azad edib.

Ertəsi gün, mayın 10-u Tramp Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiyanın ABŞ-dakı o vaxtkı səfiri Sergey Kislyakla görüşüb. “The New York Times” qəzetinin verdiyi məlumata əsasən, Oval kabinetdə baş tutan görüşdə Tramp Rusiya rəsmilərinə bunları deyib: “İndicə FTB rəhbərini qovmuşam, o dəli, əsl psix idi. Rusiyaya görə mənə güclü təzyiq olunurdu. İndi bu təzyiq azalıb”.

Mayın 11-i Tramp əvvəldən planlaşdırıldığı kimi “NBC” kanalından Lester Holta (Lester Holt) müsahibə verib. Holt Trampdan soruşub ki, baş prokuror Rod Rozenstaynın (Rod Rosenstein) FTB direktoru haqqında yazdığı xidməti qeyd Kominin vəzifəsindən azad edilməsinə səbəb olub? Tramp belə cavab verib: “Düzünə qalsa, belə bir qərara gəldikdə özüm-özümə dedim: “Axı bilirsən ki, Tramp və Rusiya ilə bağlı araşdırma işi uydurmadır, bununla demokratlar qalib gəlməli olduqları seçkilərdəki məğlubiyyətlərinə haqq qazandırmaq istəyirlər”.

Hmm…

Burada məsələ az-çox aydındır. Xüsusilə, FTB-nin o vaxtkı direktor müavini Endryu Makkeyb (Andrew McCabe) və Rozenstayn arasında görüş haqqında informasiyanı nəzərə alsaq. Qeyd edək ki, bu görüş haqqında informasiya bizə hələ indi – Makkeybin xidməti qeydindən məlum olub. Onun əsas hissəsi belədir: “Görüşdə Rozenstayn dedi ki, prezident Donald Tramp əvvəldən ondan Rusiya işi ilə bağlı araşdırmanı qeyd etməsini xahiş edib. Nəticədə Rozenstayn zidd məzmuna malik xidməti qeyd yazıb. Burada Kominin 2016-cı il seçkilərindən əvvəl Ədliyyə nazirliyinin protokollarını pozduğunu ümumi şəkildə təsvir edib, amma Rusiya işini qeyd etməyib”.

Deməli:

1. Tramp Komini qovduqdan sonra ertəsi gün ruslara deyib ki, “Rusiyaya görə ona güclü təzyiq olunub” və indi, FTB direktoru vəzifəsindən azad edildikdən sonra bu təzyiq azalıb.

2. Tramp Komini qovduqdan iki gün sonra Holta deyib ki, Komini işindən azad edəndə Rozenstaynın qeydini deyil, “Rusiya işini” diqqətə alıb.

3. Rozenstayn Makkeybə deyib ki, Tramp ondan qeyddə Kominin qovulmasına haqq qazandırmağa çalışdığı Rusiya işi ilə bağlı araşdırmanı qeyd etməsini xahiş edib.

Burada hər şey çox sadə və aydındır.

Belə hesab etmək olar: Tramp Komini ona görə vəzifəsindən azad edib ki, onun ruslarla “təhlükəli” və arzuolunmaz əlaqələrini israrla və qətiyyətlə araşdıran şəxsi səlahiyyətindən məhrum etmək istəyib. Ya da o, bunu ona görə edib ki, Komi Rusiya işi ilə bağlı araşdırmanın heç nəyə əsaslanmayan “ifritə ovu” olduğunu etiraf etməkdən boyun qaçırıb. İstənilən halda, Rusiyanın Kominin işdən azad edilməsinə heç bir aidiyyatı olmadığına dair nəticə çıxarmaq (cümə axşamı Tramp belə edib) mümkün deyil. Sözün əsl mənasında mümkün deyil. (Xpressa.com)