Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı, ölkənin xüsusi məsələlər üzrə səfiri Lev Sərkisyan və övladları qanunsuz olaraq 6,8 milyon dolları müvafiq qurumlardan gizlətməkdə şübhəli bilinirlər.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi yayıb.
İttiham aktında qeyd olunub ki, L.Sərksiyan, onun oğlu Narek və qızı Ani cinayət əməlində şübhəli bilinirlər. “C-el-C layihə şirkəti” Səhmdar Cəmiyyətinin ofisində aparılan axtarış nəticəsində müəyyən olub ki, 2017-ci ilin ikinci yarısında onların adına Ermənistan banklarından biri pul köçürüb. Onlar bu məbləği vergi bəyannaməsində göstərməyiblər.
Hüquq-mühafizə orqanları Lev, Narek və Ani Sərksiyanların şəhərdən çıxışana qadağa qoyub. Onların dilindən paytaxt Yerevanı tərk etməmək barədə iltizam alıblar.