XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

14 İyul 2018 - 18:42

Durmuş Yılmaz:"Türkiyənin kredit reytinqinin aşağı salınması xarici sərmayədarlara mesajdır”

“Fitch”in Türkiyənin kredit reytinqini aşağı salması yerli yox, əcnəbi sərmayədarlara mesajdır”.

Bunu APA-ya “Fitch” beynəlxalq kredit agentliyinin Türkiyənin kredit reytinqini aşağı salması ilə bağlı məsələyə münasibət bildirən İyi Partiyanın Ankara millət vəkili, keçmiş prezident Abdulla Gülün iqtisadiyyat məsələləri üzrə baş müşaviri, Türkiyə Mərkəzi Bankının keçmiş prezidenti Durmuş Yılmaz deyib.

O qeyd edib ki, Türkiyənin iqtisadi siyasətini müəyyənləşdirənlər və formalaşdırıb idarə edənlər problemlərin nədən ibarət olduğunu bilirlər: “Xəzinə və maliyyə naziri bəzi açıqlamalar verdi. O açıqlamalar bazarda nisbi sakitliyə səbəb olsa da, problemləri kökündən həll etmək lazımdır. Çünki yüksələn inflyasiya, ümumi daxili məhsulun milli gəlirə nisbətində qeyri-tarazlığı, cari kəsir, dövlət xərcləri, xarici borclar əcnəbi sərmayədarlarda narahatlıq yaradır. “Fitch” yerli sərmayədarlara yox, əcnəbi sərmayədarlara mesaj verdi ki, Türkiyədə iqtisadiyyatın vəziyyəti həssasdır, ora sərmayə aparsanız, sonra pulunuzu geri çıxarmaqda sıxıntı yaşaya bilərsiniz”.

“Problemləri tezliklə həll etməyin vacibliyindən danışmışınız. Tezliklə deyərkən, buna bir müddət qoyursunuzmu?” sualı isə D. Yılmaz belə cavablandırıb: “Dünya bazarında “bol pul” dövrünün bitdiyini və yeni maliyyə siyasətinin gərəkli olacağını FED-in o vaxtkı prezidenti Bernanke 2013-cü ilin mayında deyib. Mən hələ o vaxt bu işdə gecikməməyin ən vacib şərt olduğunu bildirmişdim. Ancaq təəssüf ki, bu işlərdə gecikdik. İndi isə vəziyyət daha böhranlı nöqtəyə doğru gedə bilər. Məsələlərə kompleks şəkildə yanaşmaq lazımdır. Başda inflyasiya olmaqla, ümumi daxili məhsul həcminin milli gəlirə nisbəti, cari kəsirlər, xarici borclar- harada ciddi nöqsanlar varsa, dəqiq şəkildə müəyyənləşdirib ümumi şəkildə tədbir görülməlidir”.

Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğanın iyulun 9-da yeni hökumətin tərkibini açıqladıqdan sonra türk lirası ucuzlaşmağa başlayıb. Prezidentlə yanaşı xəzinə və maliyyə naziri Bərat Albayrak durumun müvəqqəti olduğunu bəyan ediblər.