İran prezidenti Həsən Ruhani deyib ki, ABŞ önun ölkəsinə qarşı sanksiya məsələsində daha çox təcrid vəziyyətə düşüb.
Qərb mətbuatının yaydığı xəbərə görə, məlumata görə, o, iyulun 14-də televiziya ilə çıxışında bildirib ki, İran “israrlı müqavimət” yolunu seçib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu il mayın 8-də, ölkəsinin 2015-ci ildə İranla 6 aparıcı dünya ölkəsi arasında imzalanmış nüvə sazişindən çıxdığını və İrana qarşı sanksiyaları bərpa etdiyini bəyan elədi.
Həsən Ruhani qeyd edib ki, Birləşmiş Ştatların məntiqi heç bir beynəlxalq təşkilat tərəfindən dəstəklənmir. O bildirib ki, ABŞ-ın sanksiyalarına baxmayaraq İran bütün dünya ilə iqtisadi əlaqələrini inkişaf etdirməkdə davam edir.
Qeyd edək ki, ABŞ-ın bu addımı İran iqtisadiyyatına güclü ziyan vurub,bir çox beynəlxalq şirkətlər bu ölkədən getməli olub, İranın milli valyutası rial son 9 ayda ABŞ dollarına nisbətdə dəyərinin təxminən yarısını itirib.
İranla nüvə sazişindən sonra Tehran nüvə proqramını dayandırıb və əvəzində ona qarşı sanksiyalar aradan qaldırılıb.
Amma qalan 5 ölkə İranla nüvə sazişinə sadiq qaldıqlarını və onunla əməkdaşlığın davam etdiriləcəyini bəyan ediblər.
(Azadlıq.org)