XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

15 İyul 2018 - 10:22

Suriyada 200 minə yaxın insan ölümlə üz-üzə qalıb –Ümumdünya Səhiyyə Təşkilatı köməyə çağırır

Ümumdünya Səhiyyə Təşkilatı Suriyanın cənubunda yaşayan 200 000-dən çox insanın təcili tibbi yardıma ehtiyacı olduğunu bildirir. Həmin ərazidə Rusiyanın dəstəklədiyi Suriya hökumət qüvvələri və silahlı müxalifət qrupları arasında bu yaxınlara qədər qızğın döyüşlər gedib.

Birləşmiş Millətlər Təşkilatı və digər yardım qurumları Suriyanın cənubunda hökumət nəzarəti altında olan ərazilərdə yaşayan insanları tibbi və digər yardımla təmin etmək gücündədir. Lakin həmin ərazilərin üsyançıların nəzarəti altında olan Daraa və Kuneytra şəhərlərinin bir hissəsinə daxil olmaq mümkün deyil. Bu isə 200 000-dən çox insanın tibbi vəziyyəti ilə bağlı narahatlıqlara səbəb olub.

Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Tarik Yasareviç bildirib ki, təşkilat həmin ərazilərə “maneəsiz və dərhal” daxil olmağa imkan yaradılması üçün çağırış edir: “Oradakı məcburi köçkünlərin böyük əksəriyyəti artan yay temperaturu, tozlu səhra küləkləri, içməli suya və sanitariya xidmətlərinə məhdud çıxış şəraitində yaşayırlar. Son həftə susuzluğa və çirkli su ilə keçən xəstəliklərə görə, 15 suriyalı – 12 uşaq, 2 qadın və bir yaşlı kişi ölüb.”

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, Daraa və Kuneytra şəhərlərində ictimai xəstəxanaların və səhiyyə mərkəzlərinin təxminən 75 faizi ya bağlıdır, ya da qismən fəaliyyət göstərir. Nəticədə, çoxlu sayda xəsarət almış insanlar və hamilə qadınlar təcili və mütləq tibbi qayğıdan kənar qalıb.

(Amerikanın səsi)