XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

17 İyul 2018 - 14:22

Poroşenko Rusiyanın məsuliyyətə cəlb olunmasını tələb edir –"Ukrayna müstəntiqlərə hər cür yardım göstərir"

Ukrayna prezidenti Petro Poroşenko deyir ki, Rusiya 2014-cü ildə Ukraynanın şərqində Malayziya təyyarəsinin vurulmasına görə məsuliyyətə cəlb olunmalıdır.

Strateq.az xəbər verir ki, Poroşenko bu gün “Facebook”da yazıb ki, Ukrayna müstəntiqlərə gərəkən yardımı göstərir:

“Avstraliya, Belçika, Malayziya, Niderland və Ukrayna təmsilçilərindən ibarət birgə təhqiqat qrupu müəyyənləşdirib ki, təyyarə Rusiya silahlı qüvvələrinə məxsus Buk raket kompleksi tərəfindən vurulub, separatçıların nəzarətində olan əraziyə Rusiya Federasiyasından gətirilib. Buna görə də Rusiya bu terror hücumuna görə məsuliyyətə cəlb olunmalıdır”, – Poroshenko yazıb.

Niderlandın rəhbərlik etdiyi Birgə Təhqiqat Komandası mayda bəyanat yayaraq bildirib ki, beynəlxalq araşdırma təyyarəni vurmuş “Buk”un Rusiyanın 53-cü zenit-raket briqadasına məxsus olduğunu üzə çıxarıb. Rusiya hadisəyə görə hər hansı məsuliyyət daşımadığını bildirir. Xatırladaq ki, təyyarənin vurulması zamanı 298 nəfər həlak olub.

İyunun sonunda Avropa İttifaqı liderləri Moskvanı “məsuliyyətini qəbul etməyə, həqiqət, ədalət və hesabatlılığın bərqərar olması üçün tam əməkdaşlığa” çağırıb. Blok Ukraynaya təcavüzə görə Rusiyaya iqtisadi sanksiyaların müddətini uzadıb.

Rusiyanın bank və enerji sektorlarını hədəfləyən sanksiyalar Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra qoyulub. Rusiya elə həmin il Ukraynanın şərqində hökumət qüvvələri ilə döyüşən separatçıları da dəstəkləməyə başlayıb.

Münaqişədə 10 min 300-dən çox adam həlak olub. Aİ liderləri deyirlər ki, Rusiya və münaqişənin digər tərəfləri Minsk sülh sazişi çərçivəsində razılaşma əldə etməyincə sanksiyalar qaldırılmayacaq.