XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

21 İyul 2018 - 20:14

Radikal və populist partiyalar Avropa Parlamentinə növbəti seçkilər üçün vahid alyans yaradırlar

2019-cu ilin may ayında Avropa Parlamentinə keçiriləcək növbəti seçkilərdə Avropa ölkələrinin sağçı-radikal və populist partiyaları vahid alyans şəklində çıxış etməyi planlaşdırırlar.

Azərtac xəbər verir ki, sağçı-radikal Avstriya Azadlıq Partiyasının baş katibi Harald Vilimski gündəlik “Kurier” qəzetinə verdiyi müsahibədə bu məlumatı təsdiqləyib. O qeyd edib ki, təmsil etdiyi partiya növbəti seçkilərdə İtaliyanın “Leqa” partiyası və digər ölkələrin eyni siyasi baxışları təmsil edən partiyaları ilə vahid seçki alyansında iştirak edəcək. Belə bir alyansın mümkün qədər geniştərkibli olmasını müsbət hal kimi dəyərləndirən Vilimski artıq indidən “Leqa” partiyasının sədri və İtaliyanın daxili işlər naziri Matteo Salvini ilə bir alyansda olduqlarını təsdiqləyib.

Salvini isə “The Washington Post” qəzetinə müsahibəsində indiyədək Avropada siyasi arenanın sosial-demokratlar və mühafizəkarlar (Avropa Xalq Partiyası) arasında bölüşdürüldüyünü bildirib. O, növbəti seçkilərdə Avropa Parlamentində yeni əksəriyyəti əks etdirən partiyaları öz ətrafında birləşdirmək istədiyini qeyd edib. Bildirib ki, bu alyansa Avstriya, Niderland, İsveç, Fransa və Almaniyanın müvafiq düşərgəni təmsil edən partiyaları qoşula biləcəklər.

Qeyd edək ki, hazırda Avropa Parlamentində sağçı-radikal və populist düşərgənin təmsilçiləri 35 mandata malik “Millətlər və azadlıq Avropası” fraksiyasında cəmləşiblər. Bu qrup Avropa Parlamenti tərəfindən sağçı-ekstremist, millətçi və populist kimi xarakterizə olunur. Fransa, İtaliya, Niderland, Avstriya, Polşa, Belçika və Almaniyadan parlamentarilərin qoşulduğu bu qrup növbəti seçkilərdə Skandinaviya, Şərqi və Cənub-Şərqi Avropanın radikal partiyaları hesabına sıralarını genişləndirərək, Salvinin ətrafında vahid bir alyans kimi seçkilərdə iştirak etmək niyyətindədir.