Təəssüf ki, “erməni soyqırımı”nı tanıma fəaliyyətinə Qərb ölkələriylə yanaşı, müsəlman dövlətlər də qoşulmağa başlayıb. Belə dövlətlərdən biri də Livandır.
İsraillə həmsərhəd olan və yəhudi zülmündən xeyli əziyyət çəkən bu müsəlman ölkəsi rəsmən “soyqırım”ı tanımasa da, hər halda bu istiqamətdə rəsmi Yerevanı xeyli məmnun edəcək önəmli bir addım atıb. Strateq.az-ın məlumatına görə, Livan Təhsil Nazirliyi “erməni soyqırımı”nı rəsmi tətil günü elan etmək üçün ölkənin Nazirlər Kabinetinə müraciət ünvanlayıb və müsbət cavab alıb. Beləcə, ölkənin bütün rəsmi və özəl məktəbləri martın 24-dən 26-sına qədər fəaliyyətlərini dayandıracaqlar.
Livanda erməni məkri bununla da bitmir. ölkənin şimal-şərqində yerləşən Trablusşamda bu il “erməni soyqırımı”nın anım günləri keçiriləcək. Ermənistandan Livana gedən musiqi qrupları “soyqırım” tətili günlərində Trablusşam əhalisinin könlünü feyzyab edəcək (Bu yerdə xəbərçilik prinsiplərini unudaraq, adamın könlündən “kərəminə şükür, Xudaya! Nə gözəl matəm ənənələri var ermənilərin?”-demək arzusu keçir).
İnsafən, Trablusşam əhalisinin böyük əksəriyyətinin bu matəm “şadyana”lığına qatılmayacağı bildirilir. Onlar həmin gün öz evlərinin pəncərələrindən Türkiyə bayrağı asmağa qərar veriblər. Nədən ki, Trablusşamlılar “erməni soyqırımı” gününün bu şəhərin yenidən bərpa edilməsiylə eyni vaxta düşməsindən xeyli qəzəblidirlər. Zira Trablusşam 726 il öncə 26 mart günü türk əsilli məmlukilər tərəfindən xaçlılardan geri alınmış və yenidən bərpa edilmişdir. Trablusşamlılar indiyə qədər məmluk sultanı əl-Mənsur Qalavunun bu böyük zəfərini unutmur, hər il onun əziz xatirəsini anırlar.
İndisə ölkədəki erməni lobbisi köhnə hamama təzə tas gətirir, öz yasları münasibətilə trablusşamlıların könlünü şad etməyə çalışırlar. Qədirbilən şəhər əhli isə ermənilərin yas günündə belə müftə konsertə baxmağa həvəs göstərmir, nəcib türk millətinin könlünə toxunacaqlarından ehtiyatlanırlar. Odur ki, şəhər əhalisi könüllü şəkildə “erməni soyqırımı”nın anım günlərində eyvanlardan Türkiyə bayrağının asılması kampaniyası keçirməyə qərar veriblər. Kampaniya təşkilatçılarının xalqa ünvanladıqları müraciətdə qeyd olunur: “Şəhərimizin yenidən inşası ildönümündə tariximizlə əlaqəsi olmayan ermənilərin iddialarını yox, bizə Trablusşamı yenidən qaytaran türkləri yad etməliyik. Türklər bu şəhəri səlib yürüşçülərindən xilas edib yenidən qurmasaydılar, biz də burda yaşamazdıq. Şəhərin hər yerinə Türkiyə bayraqlarını asın ki, ortaq tariximizə iftira atanlara, ləkə vurmaq istəyənlərə layiqli cavab verilmiş olsun .”
Əslində Livanda “erməni soyqırımı”nın qeyd olunması təşəbbüsü heç də təsadüfi deyil. 1915-ci il hadisələrindən sonra xeyli sayda erməninin bu ölkəyə köç etdiyi bilinir. Hazırda ölkədə, təxminlərə görə, 177 000-dən çox erməninin yaşadığı ehtimalı var. Bu ehtimal doğrudursa, Livan əhalisinin 4-5%-i erməni əhalidən təşkil olunur.
Livanda 1975-ci ildən 1990-cı ilə qədər davam edən vətəndaş müharibəsi baş verməsəydi, bədxah qonşularımızın ordakı diasporası daha geniş ola bilərdi. 1975-ci ilə qədər Livanda 3 erməni partiyası fəaliyyət göstərib, ayrıca, ASALA kimi terror təşkilatları da bu corafiyada yaranıb və böyüyüb. 15 il davam edən vətəndaş müharibəsindən sonra ermənilərin siyasi cəhətdən aktiv kəsimi Livanı tərk etmək məcburiyyətində qalıb. Görünür, aranı xəlvət görən bədxah qonşularımız Livanda yenidən öz potensiallarını gücləndirməyə qərar veriblər. Livan Təhsil Nazirliyinin bu təşəbbüsü də, yəqin ki, lobbiçilik fəaliyyətinin nəticəsidir.
Heydər Oğuz
Strateq.az