XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

04 Avqust 2018 - 19:55

Avropada qızmar yay:alimlər həyəcan təbili çalır

İqlim dəyişikliyi ilə bağlı tədqiqat aparan alimlər İsveçrədə mal-qaranın quraqlıqdan tələf olmasını, İsveçdə meşə yanğınlarını, Avstriyadakı dağların zirvəsində buzların əriməsini, Londonda kondisionerlərin sıradan çıxması hallarını, Qrenlandiyada buz dağının əriməsini qlobal istiləşmənin əlaməti kimi qiymətləndirirlər.

Azərtac “The New York Times” qəzetinə istinadla xəbər verir ki, Oksford Universitetində iqlim dəyişikliyi ilə bağlı xüsusi şəbəkə yaradılıb. Tədqiqatlar nəticəsində məlum olub ki, bu il Arktik dairəsində də rekord səviyyədə istilər qeydə alınıb. Skandinaviya ölkələrində – Norveçdə, İsveçdə, Finlandiyada tarixin ən yüksək temperaturu meşə yanğınları və quraqlıqla nəticələnib.

Fransa Elmi Araşdırmalar Mərkəzinin iqlim dəyişikliyi laboratoriyasının direktoru Fransua Mari Brion bildirib ki, əvvəllər isti havalar hər on ildə bir dəfə müşahidə olunurdusa, indi Avropanın qərbi iki ildən bir qızmar yay və quraqlıqla qarşılaşır. Onun sözlərinə görə, bu, açıq-aşkar iqlim dəyişikliyinin əlamətidir və dəniz səviyyəsinin qalxması ən qorxulu haldır. Alim diqqətə çatdırıb ki, hər il dənizin səviyyəsi 3-4 millimetr qalxır və təəssüf ki, bu proses davam edəcək.

Nobel mükafatı laureatı Jan Juzel hələ 2007-ci ildə konfranslardan birində demişdi ki, 2060-cı ildən etibarən Avropada istilər hər il 70 min insanın ölümünə səbəb olacaq. Alim qeyd edib: “Həqiqətən də biz başqa bir dünyada yaşamağa başlayırıq. Əgər qlobal istiləşməyə qarşı mübarizə gücləndirilməsə, o zaman Avropa əhalisi alışdığı iqlim şəraitindən məhrum olacaq”.

Oksford Universitetinin alimlərinin fikrincə, bu yay “köhnə qitə”də baş verənlər professor Juzelin proqnozlarını təsdiq edib. Avstriyada 1767-ci ildən sonra qeydə alınan ən isti havalar nəticəsində Alp dağlarında buzlağın əriməsi isə gələcək təhlükələr barədə siqnaldır. İsveçrədə baş verən quraqlıq daha ciddi nəticələr doğurub. İsveçrə Helikopter Assosiasiyasının sədri Kristian Qarmann deyib: “Vəziyyət çox ciddidir. Dörd əsrdir inəklərin su içdiyi çeşmələr və bulaqlar quruyub, bir çox yerlərdə quraqlıq mal-qaranın tələf olmasına səbəb olur. Fermerlər onları kəsmək məcburiyyətində qalıblar”.