XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

08 Avqust 2018 - 16:40

ABŞ İranın kiberhücumlarından ehtiyatlanır –Tehran sanksiyalara bu yolla cavab verə bilər

Birləşmiş Ştatlar İranın sanksiyalara kiberhücumlarla cavab verəcəyinə hazırlaşır. Bunu “The Associated Press” agentliyi kibertəhlükəsizlik və kəşfiyyat ekspertlərinə istinadla yazır.

Kiberhücumlar sarıdan narahatlıq hələ mayda yaranıb, Tramp 2015-ci il nüvə sazişindən çıxdığını elan edəndə. Saziş İranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona iqtisadi sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

“Konkret hədə səslənməsə də, son bir neçə həftədə İranın təhdid fəaliyyətinə dair söz-söhbətin artdığını görürük” Bunu “Recorded” Future qlobal kiber təhdidlərlə bağlı kəşfiyyat şirkətindən Priscilla Moriuchi deyib. Massaçusetsdə yerləşən bu şirkət hələ mayda proqnoz vermişdi ki, Birləşmiş Ştatların nüvə sazişindən çıxması iki-dörd ay ərzində İran hökumətinin kiber reaksiyasına səbəb ola bilər.

ABŞ-ın kəşfiyyat agentlikləri İranı Rusiya, Çin və Şimali Koreya ilə bir sırada xarici kiber təhdidlər kimi görür. 2012-2014-cü illərdə ABŞ hakimiyyəti İranı bir sıra hücumlarda ittiham edib. O zaman banklara on milyonlarla dollar ziyan dəymişdi. Vacib infrastruktur hədəfə alınsa da, buna nail olmamışdılar.

İran kiber qabiliyyətindən hücum məqsədilə istifadə etmədiyini deyir, əksinə, ABŞ-ı İranı hədəfə almaqda suçlayır. Bir neçə il öncə Stuxnet kompüter virusu İranın nüvə proqramına aid sentrifuqaları dağıdıb. Stuxnetin Amerika və İsrail istehsalı olduğu düşünülür.

“Birləşmiş Ştatlar dünyada kiber hücumlar sahəsində ən aqressiv ölkə sayılır və bütün dünyada hədəfləri vurmasıyla açıq şəkildə öyünür”. Bunu isə İranın BMT-dəki diplomatik missiyasının sözçüsü Əlirza Miryusif deyib. O, İranın kiber bacarıqlarının “müstəsna şəkildə müdafiə məqsədli” olduğunu vurğulayıb.

İran İnqilab Keşikçiləri Qvardiyasının elit Qüds Qüvvələri bölümünün rəhbəri general Qasım Süleymani isə ötən ay İranın “asimmetrik müharibə” qabiliyyəti barədə xəbərdarlıq səsləndirmişdi. Agentlik yazır ki, qeyri-ənənəvi müharibəyə bu örtülü eyhama kiberhücumlar da daxil ola bilər.

Tramp administrasiyası sanksiyaların bərpasını İranın təcavüzünü önləmək niyyətilə izah edir, yəni, iddia edir ki, Tehranın terrorçuluğa, raket proqramına, Yəmən və Suriyadakı münaqişələrə maliyyəsini kəsmək istəyir.

ABŞ Milli Kəşfiyyat direktorluğunun İran üzrə keçmiş meneceri Norm Roule da düşünür ki, Tehran sanksiyalara cavab olaraq kiber qüvvəsini işə salacaq. “Birləşmiş Ştatlara iqtisadi ziyan vurmaq bacarıqlarını ortaya qoymaqdan ötrü yaxşı fürsətdir”, – o deyib.

(Azadlıq radiosu)