XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

17 Avqust 2018 - 15:57

Trampın Vaşinqtonda hərbi paradı 92 milyon dollara başa gələ bilər

ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda keçirmək istədiyi hərbi parad ölkə büdcəsinə 92 milyon dollara başa gələ bilər ki, bu da əvvəlcə nəzərdə tutulan məbləğdən 80 milyon dollar çoxdur. İlin əvvəlində paradın keçirilməsinə 12 milyon dollar xərclənəcəyi bildirilirdi.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, parada 5-7 min hərbçi, habelə hərbi nəqliyyat və aviasiya cəlb olunacaq. Bu məqsədlə Pentaqonun büdcəsindən 50 milyon dollar, Daxili Təhlükəsizlik Nazirliyinin büdcəsindən isə 42 milyon dollar götürüləcəyi ehtimal olunur. Lakin Pentaqonun rəhbəri Ceyms Mettis həmin məbləği təsdiqləməyib və paradın büdcəsinə yenidən baxıla bilər.

ABC telekanalı bu məbləğin ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinə çəkilən xərcləri 6 dəfə üstələdiyini qeyd edir. Halbuki Donald Tramp 14 milyon dollara başa gələcək həmin təlimlərin “həddən artıq bahalı” və “təxribat xarakterli” olduğunu əsas gətirərək onları təxirə salmışdı.

Qeyd edək ki, ABŞ paytaxtında hərbi parad sonuncu dəfə 1991-ci ildə Fars körfəzi müharibəsində qələbə şərəfinə keçirilmişdi. 200 minə yaxın tamaşaçının izlədiyi həmin parada 8 min hərbçi və hərbi əməliyyatlarda iştirak edən texnika, həmçinin aviasiya qatılmışdı.