XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

24 Avqust 2018 - 14:14

Özbəkistanda sabiq prezidentin adını çəkmək qadağan edilib –İslam Kərimovun portretləri və kitabları yandırılıb

 

 Özbəkistan televiziyalarına efirdə mərhum prezident İslam Kərimovun adını çəkmək qadağan olunub.

Bu haqda Azadlıq Radiosunun özbək xidməti yazır. Aparıcılardan biri radioya deyib ki, Kərimovun adını çəkməmək göstərişi prezidentin müşaviri Xayraddin Sultanovdan gəlib: “Rəhbərlik bizə tapşırıb ki, Kərimovun adı efirdə çəkilsə, başımızdan olacağıq. Dedilər ki, dövlət müşaviri Sultanovun tapşırığıdır”.

“TÖVSİYƏ DEYİL, TƏLƏBDİR”

Başqa bir telekanalın baş redaktoru da belə bir göstəriş gəldiyini təsdiqləyib. “Efirdə Islam Karimovun adını çəkməmək tövsiyə deyil, tələb kimi qoyulub”, – deyən redaktor vurğulayıb ki, “yaşlı ziyalı nəsli Kərimovu tez-tez yada salır” və buna görə də telekanal “risk kateqoriyasından olanları” efirə buraxmamaq üçün “addımlar atıb”.

Redaktorun deməsinə görə, telekanal əməkdaşlarına hələ ilin əvvəlindən tapşırılıb ki, Kərimovun adı “daha az çəkilsin”, ən çox indiki prezident Şavkat Mirziyaevdən danışılsın.

“Currenttime TV” daha öncə Özbəkistanın yeni dövlət agentliyinin reportajlarında yeni lideri təriflədiyini, Kərimovun ancaq soyadını çəkdiyini xəbər vermişdi.

Bir aydan çoxdur redaktorlar əllərində böyüdücü şüşə mətnlərdə Kərimovun adını tapıb silirlər. İndi onun adını çəkmək Tahir Yoldaşın (Özbəkistan İslam Hərəkatı ekstremist təşkilatının mərhum lideri) adını çəkməkdən daha təhlükəlidir”, – telekanallardan birinin baş redaktoru hazırkı durumu belə izah edir.

Milli teleradio komitəsinin rəhbərliyi belə bir qadağanı şərh etmir. Ancaq bir jurnalistin deməsinə görə, birinci prezidentin fotolarının və heykəllərinin göstərilməsinə belə qadağa qoyulub.

PORTRETLƏRİ, KİTABLARI YIĞIŞDIRILIR

Daha öncə Özbəkistanda Kərimovun portretlərinin və kitablarının yandırıldığı bildirilirdi. Avqustun 20-də suvenir ticarətçilərinə qarşı reydlər keçirilib. Birinci prezidentin təsviri olan maqnit və təqvim satanlar cərimələnib, mallar isə müsadirə olunub.

Bir müddət qabaq Özbəkistan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun rəhbərliyinə töhmət verilib. Səbəb iclas zalında Kərimovun portretinin asılması olub. Alimlərdən biri deyir ki, bundan sonra Karimovun bütün portretlərinin və sitatları olan plakatların məhvinə göstəriş verilib.

İslam Kərimov 1989-cu ildə Özbəkistan SSR Kommunist Partiyasının birinci katibi seçilib. O, 1991-ci ildə Özbəkistanın müstəqilliyini elan edib, ilk prezident seçkisini udub. 25 il ərzində seçkilərdə 90%-dən çox səs toplayıb, ancaq Qərbdə bu seçkiləri “qeyri-azad və ədalətsiz” hesab ediblər.

Rəsmi məlumata görə, Kərimov 2016-cı il sentyabrın əvvəlində vəfat edib. Həmin ilin dekabrında keçmiş baş nazir Şavkat Mirziyaev prezident seçilib. Hakimiyyətə gələndən dərhal sonra Kərimovun iki yerdə heykəlini qoydurub, Səmərqənddə adına xatirə kompleksi tikdirib. Kərimovun Səmərqənddəki məzarı ziyarətgaha çevrilib.