XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

24 Avqust 2018 - 16:10

Poroşenko:“Ukrayna Rusiya imperiyası ilə bütün əlaqələrini kəsib”

 

Ukrayna prezidenti Petro Poroşenko ölkənin müstəqillik günündə Kiyevdə hərbi paradda elan edib ki, “Rusiya imperiyası və Sovet İttifaqı ilə bütün əlaqələr kəsilib”.

Poroşenko avqustun 24-də onu da deyib ki, Ukrayna Rusiyanın “Ukraynadakı hibrid müharibəsinə xeyir-dua verən” Rusiya Pravoslav Kilsəsi ilə də bütün əlaqələri kəsməlidir.

“Bizim nəslin ən böyük məqsədi müstəqilliyimizi möhkəmləndirmək, Ukraynanı güclü və böyük dövlətə çevirməkdir, onun Rusiyanın təsir zonasına qayıtmasına imkan verməməkdir”, – Poroshenko vurğulayıb.

HƏRBİ SALAMLAŞMA DƏYİŞİR

“Ukrayna Pravoslav Kilsəsinin Rusiya Pravoslav Kilsəsindən ayrılması ordumuzun güclənməsi, dilimizin qorunması, Avropa İttifaqı və NATO-ya birləşmək uğrunda mübarizəmiz qədər vacibdir. Bu, tarixi yolumuzun daha bir hədəfidir, müstəqilliyimizin vacib komponentidir”, – o deyib.

Paradda 4 min 500 hərbçi, 250 zirehli maşın, 300 xarici əsgərdən ibarət 18 nümayəndə heyəti iştirak edib. Ukrayna silahlı qüvvələrinin qadın üzvləri də mərasimə qatılıb. Ukraynanın müdafiə naziri Stepan Poltorak hərbçiləri “Ukraynaya eşq olsun!” deyə salamlayıb. Əsgərlər cavabında “Qəhrəmanlara eşq olsun!” deyiblər. Poltorakın salamlaşması 2-ci Dünya Müharibəsi dövründə Ukraynanın millətçi əsgərləri tərəfindən istifadə olunurdu. Poroşenko elan edib ki, bu ifadənin Ukraynada rəsmi hərbi salamlaşması elan olunmasına dair qanunvericilik qəbul etməyi parlamentə təklif edəcək.

Ukrayna 1991-ci il avqustun 24-də, Sovet İttifaqının rəsmən dağılmasından dörd ay öncə müstəqilliyini elan edib. 2014-cü ildə Rusiya Ukraynanın Krım vilayətini ilhaq edib, ölkənin qərbindəki separatçıları dəstəkləməyə başlayıb. Bundan sonra Kiyevlə Moskvanın münasibətləri pisləşib. (Azadlıq Radiosu)