Braziliyanın ali seçki məhkəməsi ölkənin sabiq prezidenti Luisu İnasiu Lula da Silvanın ali dövlət postuna namizədliyini qeydiyyatdan keçirməkdən imtina edib.
Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müvafiq qərar məhkəmənin avqustun 31-də keçirilən və dövlət televiziyası ilə canlı yayımlanan növbədənkənar iclasında qəbul olunub. İclasda 7 hakimin 6-sı Lula da Silvaya prezidentlik yarışına buraxmamaq qərarını dəstəkləyib. Siyasətçinin müdafiəsi bu qərardan yuxarı məhkəmə instansiyalarında şikayət etmək hüququna malikdir. Lakin məhkəmənin hökmü qüvvədə olduğu müddətdə sabiq prezident özünün təşviqat videolarını televiziya ilə nümayiş etdirmək hüququndan məhrum olacaq. Seçkiöncəsi materialların yayımı isə sentyabrın 1-dən başlayır.
Ehtimal olunur ki, Lula da Silvanın banisi olduğu solçu Əmək Partiyası dövlətin ali postuna San-Paulu şəhərinin sabiq meri Fernandu Addadanın namizədliyini irəli sürəcək. Məhkəmənin qərarına əsasən, partiya yaxın 10 gün ərzində dövlət başçısı postuna namizədini dəyişmək hüququna malikdir.
Xatırladaq ki, 2003-2010-cu illərdə Braziliya prezidenti olan Lula da Silva bu il aprelin 7-dən korrupsiya işi üzrə həbs cəzası çəkir. O, ölkə tarixində ilk prezidentidir ki, məhkəmə prosesi nəticəsində həbs cəzasına məhkum edilib. Yanvar ayının sonlarında apelyasiya məhkəməsi siyasətçinin işi üzrə ittiham hökmünü təsdiqləyərək onun həbs cəzasını 9 il 6 aydan 12 ilədək artırıb. Bununla belə, sosioloji sorğunun nəticəsinə əsasən Lula da Silva oktyabr ayında keçiriləcək prezident seçkilərinin favoriti sayılırdı.