XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2018 - 23:40

Dubay əmiri ölkənin ilk iki kosmonavtının adını açıqlayıb –FOTO

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Beynəlxalq Kosmik Stansiyaya uçacaq ilk iki kosmonavtın adı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, BƏƏ-nin Baş naziri və vitse-prezidenti, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum özünün “Тwitter” səhifəsində Həzzə Əl-Mənsuri və Sultan Əl-Neyadinin ölkənin kosmosa uçacaq ilk kosmonavtları seçildiyini bildirib. Dubay əmiri qeyd edib ki, onlar bütün ərəb gənclərini təmsil edir və BƏƏ-də gələcək nəsillərə örnək olacaqlar.

Bu kosmonavtlar (əsas və əvəzedici) “Roskosmos”la əməkdaşlıq şəraitində BƏƏ astronavtları üçün proqram çərçivəsində 4022 iddiaçı arasından seçiliblər. Sözügedən proqram elmi eksperimentlərin aparılması məqsədilə BƏƏ kosmonavtlarının hazırlanmasını və kosmosa göndərilməsini nəzərdə tutur.

Kosmonavtlardan birincisi 2019-cu ilin aprelində Rusiya kosmik missiyasının tərkibində “Soyuz MS-12” nəqliyyat pilot gəmisi ilə uçacaq.

Xatırladaq ki, ilk ərəb mənşəli kosmonavt 1985-ci ildə kosmosa uçub. Səudiyyə Ərəbistanı vətəndaşı Sultan ibn Salman ibn Əbdül-Əziz Əl-Səud ABŞ-ın “Discovery” kosmik gəmisi ilə bir həftəyə yaxın Yerin orbitində olub.