XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2018 - 18:49

Gürcüstanda 31 nəfər prezidentliyə namizədliyini irəli sürüb –Hakim partiyanın namizədi yoxdur

 

Gürcüstanda bu il oktyabrın 28-də keçiriləcək prezident seçkilərində indiyədək 31 nəfər namizədliyini irəli sürüb.

AZƏRTAC xəbər verir ki, 35 yaşı tamam olan və Gürcüstanda azı 5 il və bu 5 ilin son 3 ilini seçkilər elan olunan dövrədək yaşayan hər bir ölkə vətəndaşı iştirak edə bilər. Yerli qanunvericiliyə görə, prezident seçkilərində iştirakla bağlı qeydiyyat səsverməyə 50 gün qalana qədər davam edir. Bu günədək artıq 31 nəfər prezidentliyə namizəd qeydiyyat üçün Gürcüstan Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Prezidentliyə namizəd azı 5 nəfərlik təşəbbüs qrupu tərəfindən irəli sürülə bilər.

MSK səsverməyə 30 gün qalanadək namizədlərin qeydiyyatını başa çatdırmalıdır. Prezidentliyə namizəd səsverməyə azı 10 gün qalanadək namizədliyini geri götürə bilər. Maraqlıdır ki, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası bu seçkilərdə öz namizədi ilə çıxış iştirak etməyəcək. Bununla belə partiya hər hansı bir müstəqil namizədi müdafiə edə bilər.

Prezidentliyə namizədlər sırasında hazırkı hakimiyyətə müxalifətdə olan “İnşaatçılar Hərəkatı”nın lideri, parlamentin keçmiş sədri David Usupaşvili “Gürcüstan Leyboristlər Partiyası”nın sədri Şalva Natelaşvili, “Qirçi” partiyasının liderlərindən biri Zurab Caparidze, “Gürcü marşı” hərəkatının liderlərindən Sandro Breqadze, ana müxalifət hesab olunan “Vahid Milli Hərəkat” Partiyasının üzvü, sabiq xarici işlər naziri Qriqol Vaşadze, “Avropa Gürcüstanı-Azadlıq Uğrunda Hərəkat” partiyasının fəallarından biri, parlamentin keçmiş sədri David Bakradze, “Azad Gürcüstan” partiyasının lideri Kaxa Kukava, hakim partiyanın deputatı Salome Zurabişvili və digərləri var.

Hakim partiya Salome Zurabişvilinin namizədliyini dəstəkləyəcəyini istisna etməyib. Onu da qeyd edək ki, siyasi partiyalar və təşəbbüs qrupları prezidentliyə namizəd göstərmək üçün Mərkəzi Seçki Komissiyasına sentyabrın 8-dək müraciət edə bilərlər. Namizədin qeydə alınması üçün azı 25 min 923 imza toplanmalıdır. İmzalar isə ən geci sentyabrın 18-də MSK-ya təhvil verilməlidir.

MSK prezidentliyə namizədlərin qeydiyyatını sentyabrın 28-də başa çatdıracaq.

Səsvermə oktyabrın 28-də keçiriləcək, seçki məntəqələri saat 08.00-da açılacaq və saat 20.00-da bağlanacaq. İlk turda namizədlərdən birinin səslərin 50 faizdən çoxunu toplaya bilməyəcəyi təqdirdə, ikinci tur seçkiləri dekabrın 1-dən gec olmayaraq keçirilməlidir.