Nikol Paşinyan Rusiya prezidentinin Ermənistanın ikinci prezidenti Robert Koçaryanı ad günü münasibətilə təbrik etməsində siyasi çalar görmür. Ermənistanın baş naziri bunu “şəxsi münasibətlər məsələsi” hesab edir.
Rusiya prezidenti Vladimir Putinin təbrik mesajı onun rəsmi saytında dərc olunub, həmçinin federal televiziyalar vasitəsilə yayılıb. Ermənistanda siyasi dairələr bunu Putinin rəsmi Yerevana mesajı sayıblar. Axı, Koçaryana qarşı 2008-ci ilin mart hadisələri ilə əlaqədar cinayət işi açılıb.
Baş nazir Paşinyan isə deyir ki, Rusiya prezidentini tanıya bilib, o, insani münasibətləri yüksək dəyərləndirir, müxtəlif ölkələrin indiki və keçmiş rəhbərləri ilə əlaqələr saxlayır.
“Bu yaxınlarda, Avropa İttifaqı ilə yetərincə problemli münasibətlərə baxmayaraq, o, avstriyalı nazirin nikah mərasiminə qatıldı. Bu onu göstərir ki, insani münasibətlər ondan ötrü xüsusi əhəmiyyət daşıyır”, – Paşinyan deyib. Putinin son 10 ildə Koçaryanı açıq şəkildə təbrik etməməsiylə bağlı suala gəlincə, baş nazir bu statistikanı diqqətlə izləmədiyini bildirib.
Paşinyan bu şənbə – sentyabrın 8-də Putinlə görüşəcək. Detallara varmayan baş nazir görüşdə Ermənistan-Rusiya münasibətlərinin müzakirə olunacağını vurğulayıb.
Rusiya xarici işlər nazirinin Ermənistandakı durumun qaynamaqda davam etməsilə bağlı dediklərinə gəlincə, Paşinyan zarafatla “bu gün çox isti oldu” deyib.
Baş nazir Koçaryanın növbədənkənar parlament seçkilərinə qatılmaqla bağlı qərarına siyasi qiymət verməyib. “Ermənistan Respublikasının qanununa uyğun olaraq, parlament seçkisi keçirildiyi vaxtda onda iştirak etmək imkanı və belə bir arzusu olanlar iştirak edəcəklər”, – o deyib.
Baş nazir prezident Armen Sarkisyanı istefaya göndərmək niyyətinə dair mediada yazılanları qətiyyətlə rədd edib. O, Serj Sarkisyanın vaxtında prezident postuna gəlib. Media yazıb ki, Sarkisyan Britaniya vətəndaşlığından çıxmaqla bağlı ərizə verməyib. Ancaq inqilab günlərində Paşinyan deyirdi ki, Armen Sarkisyan ona belə bir sənəd göstərib. Medianın iddiasına görə, Paşinyanın prezidentliyə namizədi ölkənin ilk prezidenti Levon Ter Petrosiyandır.
“Gəlin, absurd şeylər danışmayaq. Ermənistan Respublikasının prezidenti Armen Sarkisyan bu ilin martında seçilib və hələ 7 il bu vəzifədə qalmalıdır”, – Paşinyan deyib.
(Azadlıq radiosu)