XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

14 Sentyabr 2018 - 22:55

Trampın seçki kampaniyasının sabiq rəhbəri təqsirini etiraf etdi –"Cinayətə qəsd və şahidlərə təsir" ittihamları

 

 Prezident Donald Trampın keçmiş kampaniya başçısı və uzun illərdir lobbiçilik biznesi ilə məşğul olan Paul Manafort cinayətə qəsd və şahidlərə təsirə görə ona qarşı sürülmüş ittihamlar üzrə təqsirini etiraf edib.

Prokurorluq bildirir ki, o habelə ABŞ seçkisinə Rusiyanın iddia olunan müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mueller-lə əməkdaşlığa razılıq verib. Manafort etiraf ifadəsini Vaşinqton Dairə Məhkəməsində sentyabrın 14-də, özünün ikinci federal mühakiməsinə bir neçə gün qalmış verib.

Prokuror Endru Veisman məhkəməyə deyib ki, ittiham tərəfi ilə əldə olunmuş razılaşmaya habelə “əməkdaşlıq sazişi” daxildir. Təhlilçilər bildirirlər ki, bu hadisə prezident Trump üçün böyük hüquqi “başağrısına” çevrilə bilər. Lakin nə Weismanın şərhlərindən, nə də məhkəmə sənədlərindən bu əməkdaşlığın təbiəti məlum olmur.

Buna baxmayaraq təqsirin etirafı və əməkdaşlıq söhbəti Manafortun işində kəskin dönüş sayıla bilər. O ötən ay Virciniya federal məhkəməsində bank və vergi fırıldağında ittiham olunub. Virciniya işində olduğu kimi Vaşinqtonda keçirilməli olan məhkəmədə də Manaforta qarşı onun Trampla seçki əməkdaşlığından əvvəlki dövrdəki fəaliyyəti ilə bağlı ittihamlara baxılmalıdır.

Ağ Evin sözçüsü Sara Sanders bu hadisə ilə bağlı bəyanatında məhz bu məqamı qabardıb: “Bunun prezident və ya onun 2016-cı ildəki müzəffər kampaniyası ilə heç bir bağlılığı yoxdur. Bunlar tamamilə əlaqəsizdir”.

Mueller Manafortu şahidlərə təsir göstərməkdə ittiham edərkən həm də Ukraynada Manafortun işgörəni sayılan Konstantin Kilimnikə qarşı ittihamlar irəli sürmüşdü. Mueller iddia edirdi ki, Kilimnikin Rusiyanın kəşfiyyat orqanları ilə bağları var. Manafortun təqsirini etiraf etməyə razılaşması onu Vaşinqton məhkəməsi tərəfindən əlavə olaraq azadlıqdan məhrum edilməkdən qurtara bilər. (Azadlıq Radiosu)