XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

19 Sentyabr 2018 - 15:02

Primorskidə seçkilərin nəticələri ləğv oluna bilər –MSK sədri tərəflərə ortaq variant təklif edib

Rusiya mərkəzi seçki komissiyasının rəhbəri regional hakimiyyətə tövsiyə edib ki, Primorski Diyarında mübahisəli qubernator seçkisinin nəticəsi ləğv olunsun. Burada Kommunist partiyası seçkinin nəticəsinin saxtalaşdırıldığını iddia edib. Belə ki, Kremlin dəstəklədiyi namizəd səssaymanın sonunda qəfil önə çıxıb.

MSK rəhbəri Ella Pamfilova sentyabrın 19-da belə bir təkliflə çıxış edib. Onun sözlərinə görə, hakimiyyət seçkidə ciddi pozuntuların olması qənaətinə gəlib, buraya qutulara topa bülleten atılması, səssaymanın nəticəsinin dəyişdirilməsi daxildir.

Pamfilova deyib ki, regional hakimiyyət təklifə əməl edərsə, 3 aya yeni seçki keçirilə bilər. Rusiyada yerli rəsmilər nadir hallarda mərkəzi hökumətə qarşı çıxırlar.

Seçkidən dolayı region paytaxtı Vladivostokda gərginlik yaşanıb.

Sentyabrın 17-də hakim Vahid Rusiya partiyasının namizədi, hazırkı qubernator Andrey Tarasenkonun səssaymanın son mərhələsində kommunistlərdən olan rəqibi Andrey Işçenkodan önə çıxdığı açıqlanıb. Bülletenlərin 95 faizə yaxını sayılanda hazırkı qubernator Tarasenko Işçenkodan altı faizədək öndə idi. Ancaq səslərin 99 faizi sayılandan sonra seçki rəsmiləri bildirib ki, Tarasenko 49,5, Ishchenko isə 48 faiz səs toplayıb.

Həmin gün yüzlərlə adam Vladivostokda etiraza çıxıb. Kommunist partiyası isə seçkinin saxtalaşdırıldığını deyərək məhkəmə iddiaları hazırlayıb.

Sentyabrın 9-da Rusiyanın 21 regionunda qubernator seçkiləri keçirilib. Primorski daxil olmaqla dörd regionda Vahid Rusiyanın namizədləri birinci raundda 50 faizdən artıq səs yığa bilməyiblər.

Prezident Vladimir Putini dəstəkləyən Vahid Rusiya hakimiyyətin qanunverici və icraedici qanadlarına nəzarət edir. 9 sentyabr seçkisi Putin hökumətindən ötrü bir sınaq sayılırdı. Hökumət ölkədə pensiya yaşını beş il qaldırmağa çalışır, bu niyyət etirazlar yaradıb.

Sentyabrın 9-da onlarla şəhərdə etiraz aksiyaları keçirilmiş, 1000-dən çox saxlanan olmuşdu.

(Azadlıq radiosu)