İnternetdə zorakı ekstremist ideologiyasının təbliğatına qarşı mübarizə və müsbət alternativlərin irəli sürülməsi məqsədilə Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) “Savab” informasiya mərkəzi ABŞ ilə əməkdaşlıq şəraitində sosial şəbəkələrdəki öz platformasında “After Terrorism” heşteqləri yerləşdirməklə yeni kampaniya başladığını elan edib.
AZƏRTAC xəbər verir ki, ikigünlük kampaniya ərəb, ingilis və fransız dillərində “SawabTwitter”, “Facebook”, “Instagram” və “YouTube” platformalarında aparılır.
Sentyabrın 21-də qeyd olunan Beynəlxalq Sülh Günü münasibətilə aparılan kampaniya bütün dünyada – Fransada, Birmada, Norveçdə və planetin digər guşələrində zorakı ekstremist və terror hücumları qurbanlarına həsr olunacaq.
Kampaniya çərçivəsində, həmçinin bu hücumlardan sonra sağ qalmış insanların və onların ailə üzvlərinin başına gələnlər, zorakı ekstremizmə məruz qalmış və sülhün carçısına çevrilmiş Malala Yusifzey, Nelson Mandela və Papa II İohann Pavel kimi görkəmli xadimlərin yaddaqalan həyat hekayələri təqdim ediləcək.
Bu, “Savab” mərkəzinin sosial şəbəkələrdə otuzuncu kampaniyasıdır. Müsbət mövzularda keçirilmiş əvvəlki kampaniyalar Məhəmməd Peyğəmbərin xeyirxah əməllərinə və ekstremizmin qarşısının alınması və ona qarşı mübarızədə qadınların verdiyi töhfəyə həsr olunub.