İranın cənub-qərbində, Əhvaz şəhərində (Xuzestan vilayəti) hərbi parad zamanı terror aktı törədilib.
Strateq.az İran KİV-lərinə istinadən xəbər verir ki, yerli vaxtla təxminən saat 10.30 radələrində hərbi geyimli naməlum şəxslər keçid zamanı hərbi konvoyu atəşə tutublar.
Xuzestan vilayəti qubernatorunun müavini Əli Hüseyn Hüseynzadənin sözlərinə görə, insident nəticəsində o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun əsgərləri də daxil olmaqla, 25 nəfər ölüb, 21 nəfər yaralanıb.
Hüseynzadə hadisə zamanı bir jurnalistin də həlak olduğunu deyib.
“İSNA” agentliyinin məlumatına görə, ümumən 60 nəfərin zərər gördüyünü terror aktında həlak olanlardan biri 4 yaşlı uşaqdır.
UPDATE
Live video captures the moment of #Ahvaz terrorist shooting https://t.co/qKmmEkyclu#IranMilitaryParade pic.twitter.com/KmpfvnbOGx— Press TV (@PressTV) September 22, 2018
Terrorçulardan 2-si öldürülüb, digər 2 nəfərin axtarışı üzrə əməliyyat keçirilib. Hüquq-mühafizə orqanları terrorun törədilməsinə görə məsuliyyət daşıyan “Əhvaz Ərəb Azadlığı Hərəkatı” təşkilatının sağ qalan üzvlərini yaxalayıblar.
Bu gün “Əhvaz” təşkilatının sözçüsü Danimarkada verdiyi açıqlamada hadisənin cavabdehi olduğunu rəsmən etiraf edib: “Əl-Əhvazın milli müqavimət hərəkatı məsuliyyəti öz öhdəsinə götürür”.
Marasqlıdır ki, terror hadisəsindən bir gün əvvəl “Əhvaz” hərəkatının sədri Həbib Cəbr milli bayram münasibəti ilə Səudiyyə kralı Salmana təbrik məktubu göndərib.
İran mediası terror təşkilatının İraqda, Bəsrə şəhərində iqamət etdiyini vurğulayıb. Buna görə də, İran-İraq sərhədinin 2 nəzarət-keçid məntəqəsinin qapadıldığı bildirilir.
İranın xarici işlər naziri Cavad Zərif “Twitter” səhifəsindəki açıqlamasında terror aktına görə ABŞ-ın məsuliyyət daşıdığını deyib. “Ölənlər arasında uşaqlar və jurnalistlər də var. Regionda terroru dəstəkləyənlər və onların ustadı ABŞ bu cür hücumlara görə məsuliyyət daşıyır. İranın hakimiyyət orqanları vətəndaşların həyatını müfafiə etmək üçün qısa zamanda və qətiyyətli şəkildə cavab verəcək”.
Rusiya prezidenti Vladimir Putin vəzifədaşı Həsən Ruhaniyə göndərdiyi başsağlığı mesajında rəsmi Moskvanın terrorla mübarizədə İranla əməkdaşlıq etməyə hazır olduğunu bəyan edib.
Xatırladaq ki, sentyabrın 22-də İran-İraq müharibəsi ilə bağlı “Müqəddəs müdafiə həftəsi”nin birinci günü başlayıb. Bu münasibətlə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) və Ordu, Tehran da daxil olmaqla, ölkənin bütün şəhərlərində hərbi parad keçirilib. Paytaxtda keçirilən tədbirdə İslam Respublikasının prezidenti Həsən Ruhani və parlamentin sədri Əli Laricani iştirak edib.
Paraddakı çıxışında Həsən Ruhani ABŞ-ı sərt tənqud edərək, “Donald Trampı da Səddam Hüseynin aqibəti gözləyir”, – deyib.
Əhvazdakı terror aktından sonra Ruhani təhlükəsizlik naziri Ələviyə cinayətə görə məsuliyyət daşıyan qrupun qısa zamanda ifşa edilməsi barədə xüsusi təlimat verib.
Ayətullah Xamnəinin müşaviri Əli Əkbər Vilayəti isə bildirib ki, “bugünkü hücuma İranın cavabı çox sərt olacaq”.
Əhvazda baş verən terror aktı ilə bağlı İran Ali Liderinin də mesajı açıqlanıb.
Ayətullah Xamnəi öz ismarışında qeyd edib ki, bu hadisə “bir daha İran xalqının düşmənlərinin zülmlərini ortaya qoydu. Qadınların, uşaqların və günahsız insanların qapısına gələn muzdlular insan hüquqlarını davamlı olaraq sui-istifadə edən eyni ikiüzlü iddiaçılara bağlıdırlar”.
Daha sonra o bildirib ki, məlum “cinayət sevimli ölkəmizdə qarışıqlıq yaratmaq məqsədi güdən kukla dövlətin ərazisində hazırlanan, ABŞ-ın planlaşdırdığı qəsdin davamıdır”.
“Mən şəhid ailələrinə təsəlli və səbir, şəhidlərə ilahi rəhmət diləyirəm. Məsul kəşfiyyat orqanların vəzifəsi cinayətkarların izlərini qısa zamanda aşkarlamaq və ədalət məhkəməsinə təslim etməkdir”.
Son məlumatlara görə, hərbi parad zamanı baş verən terror aktı nəticəsində ölənlərin sayı 28-ə çatıb. Bunu İran parlamentində müdafiə komitəsinin rəhbərinin müavini Əbülfəzl Bigi deyib. Onun sözlərinə görə, hadisə nəticəsində 60 nəfər yaralanıb.