XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

26 Sentyabr 2018 - 21:06

Merkelin başının üstünü qara buludlar alıb?- Kansler səsvermənin yekunlarını “məğlubiyyət” adlandırıb

Bundestaqdakı mühafizəkar XDİ/XSİ fraksiyasının rəhbərinin müavini 50 yaşlı Ralf Brinkhaus həmin fraksiyanın sədri seçilib.

AZƏRTAC xəbər verir ki, AFR kansleri Angela Merkelin yaxın məsləkdaşı, son 13 ildə bu vəzifəni tutmuş 69 yaşlı Folker Kauder növbəti müddətə təkrar seçilə bilməyib. Almaniya kansleri və Xristian Demokratlar İttifaqının (XDİ) sədri Angela Merkel fraksiyadaxili səsvermənin yekunlarını “məğlubiyyət” adlandırıb.

1973-cü ildən bəri ilk dəfədir ki, bu vəzifə uğrunda mübarizəyə eyni vaxtda bir neçə namizəd qoşulub. Ralf Brinkhausun bu mübarizədə qalib gəlməsi gözlənilməz olub: Merkelin məsləkdaşının əsas rəqibinin lehinə 125, onun əleyhinə 112 deputat səs verib.

Bəzi şərhçilər səsvermənin yekunlarını “Berlində siyasi zəlzələ” adlandırıblar. Alman siyasətçilərinin çoxu buna münasibət bildirib. Məsələn, Bundestaqın sədrinin müavini, sosial-demokrat Tomas Opperman bu hadisəni öz “Twitter” səhifəsində “Merkelə qarşı üsyan” adlandırıb.

Bundestaqda liberal Azad Demokratik Partiya (ADP) fraksiyasının sədr müavini Aleksander Lambsdorf deyib: “Bu, “böyük koalisiya”nın sonunun başlanğıcıdır. Kanslerin fraksiyasında onun nüfuzu rəsmən aşağı düşüb”.

ADP-nin lideri Kristian Lindner Angela Merkelə müraciətlə onu hökumətə etimad məsələsini parlamentdə səsverməyə çıxarmağa çağırıb. Onun sözlərinə görə, fraksiya rəhbəri seçkilərində kanslerin etimad bəslədiyi, bu vəzifədə görmək istədiyi şəxsin məğlub olması onu göstərir ki, Merkel artıq öz fraksiyası daxilində tam etimad sahibi deyil.

“İttifaq-90/Yaşıllar” partiyası parlament fraksiyasının rəhbəri Anton Hofrayter bildirib ki, Folker Kauderin məğlubiyyəti XDİ/XSİ sıralarında ciddi parçalanmadan xəbər verir. Sol partiyanın həmsədri Bernd Riksingerin fikrincə, Ralf Brinkhausun qələbəsində sonra Merkelin mövqeləri xeyli zəifləyib.