XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

01 Oktyabr 2018 - 13:41

Referendumdan “hə” – çıxdı, amma yetmədi –Makedoniyada çoxluq ölkənin adı ilə bağlı səsverməyə gəlmədi

Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı 30 sentyabr referendumunda əksəriyyət dəyişikliyə səs verib. Amma səsvermənin etibarlı sayılması üçün seçici fəallığı gərəkən 50 faizə çatmayıb.

Oktyabrın 1-də səhər tezdən açıqlanan nəticələrə görə, məntəqələrin 97 faizdən çoxunun bülletenləri sayılıb. Seçicilərin 91,3 faizi ölkənin adının Şimali Makedoniya Respublikası olmasına “hə” deyib.

Di gəl, Makedoniyanın 1,8 milyonluq seçicisindən cəmi 36,8 faizi səsverməyə gedib.

Qeyd edək ki, Prezident Gorge Ivanov, parlamentin müxalifətdən olan üzvləri referendum boykota çağırırdı. Baş nazir Zoran Zaev hökuməti isə dəyişikliyə daha böyük dəstək gözləyirdi.

“Aydındır ki, bu referendum üzrə qərar verilməyib”, – Dövlət Seçki Komissiyasının rəhbəri Oliver Derkoski sentyabrın 30-da axşam Skopyedə jurnalistlərə deyib.

Zaev ad dəyişikliyinə qonşu Yunanıstanla illərdir davam edən mübahisənin həlli kimi baxır. Bu məsələ illərdir Makedoniyanın NATO və Avropa İttifaqına üzvlüyünü də əngəlləyib.

Baş nazir deyib ki, seçicilərin böyük əksəriyyəti dəyişikliyə səs verib və bu, demokratiya və Şərqi Makedoniya üçün uğurdur. O, parlamentdə səsvermə keçirməyə çalışacağını vurğulayıb.

“Səs verənlərin iradəsi parlamentdə siyasi hərəkətə çevrilməlidir”, – deyən Zaev qeyd edib ki, opponentləri parlamentdə ad dəyişikliyini önləməyə qalxsalar, o da erkən seçkilər çağıracaq.

Amma təhlilçilərin fikrincə, bu razılaşma parlamentdə daha böyük maneə ilə üzləşəcək.

Zaev hökumətinin rəsmiləri ad dəyişikliyini qüvvəyə mindirən konstitusiya əlavəsini 71 deputatın təsdiqləyəcəyini bildirir. Bu isə konstitusiyanı dəyişməyə gərəkən 80 səsdən, yəni üçdə ikidən azdır.

Əsas müxalifət partiyası olan VMRO-DPMNE-nin lideri Kristian Mikoski deyib ki, 30 sentyabr referendumunun verdiyi ən güclü mesaj onu boykot edənlərə, yaxud Yunanıstanla razılaşmanın əleyhinə səs verənlərə məxsusdur: “Fakt odur ki, ad dəyişikliyi razılaşmasına xalq yaşıl işıq yandırmadı, ‘dayan’ işarəsi verdi”, – o bildirib.

Yunanıstanın Xarici İşlər Nazirliyi sentyabrın 30-da bəyanatında bildirib ki, səsvermənin nəticələri ziddiyyətlidir və Afina və Skopye arasında razılaşmanın pozitiv potensialının qorunmasından ötrü ehtiyatlı addımlar atılmalıdır.

Avropa İttifaqının genişlənmə komissarı Yohannes Han Yunanıstanla razılaşmaya böyük dəstək göstərildiyini vurğulayıb. O qeyd edib ki, bütün siyasi liderlərin bu qərara sayqı göstərməsini gözləyir.

Prezident Ivanov isə təklif olunan ad dəyişikliyini ölkə konstitusiyasını pozan cinayət hərəkəti adlandırıb. Ivanov referendumda səs verməyəciyini bildirmişdi.

Makedoniya və Yunanıstan arasında ad mübahisəsinin tarixi 1991-ci ilə, Makedoniya Yuqoslaviyadan ayrıldığı dönəmə gedib çıxır. Yunanıstan bildirir ki, Makedoniya adı onun şimalındakı eyni adlı regiona ərazi və mədəniyyət iddialarını nəzərdə tutur. Afina və Skopye iyunda Makedoniya yeni adı qəbul edərsə, onillərdir davam edən mübahisənin həlli üzrə ilkin razılaşma əldə ediblər.

Təhlilçilərin fikrincə, Makedoniya kimi qərbi Balkan ölkələrinin Avropa və Trans-Atlantik qurumlara inteqrasiyası onların sabitliyi və inkişafını təmin etməyin ən yaxşı yoludur.

(Azadlıq radiosu)