Sərdar Turqut
“Habertürk”, Türkiyə, 01 oktyabr 2018-ci il
ABŞ-ın Dövlət katibi Mayk Pompeo regionda İran əleyhinə koalisiya formalaşdırmaq üçün BMT-də Körfəz Əməkdaşlıq Təşkilatı ölkələrinin təmsilçilərilə görüşlər keçirir.
Buna paralel olaraq, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Küveytə etdiyi səfər də Vaşinqtonda yaxından izlənilir.
Küveyt bir müddətdir ki, Qətərlə yaşanan böhranın həlli üçün çalışır. Səudiyyə Ərəbistanı isə irəli sürdüyü 13 maddəlik şərtləri qəbul edilmədiyi halda, problemə fərqli həll tapılmasına qarşı olduğunu hər fürsətdə Vaşinqtona çatdırır.
Biz gözləyərik
Səudiyyə Ərəbistanının Xarici işlər naziri Xarici Əlaqələr Şurasında (Council on Foreign Relations) etdiyi çıxışında bunu açıqca ifadə etdi və “gözləməyə səbrimiz var, lazım olarsa 50 il belə gözləyə bilərik” dedi.
ABŞ isə İran məsələsilə bağlı olaraq tələsir, çünki İsrail durmadan təzyiq edir. Baş nazir Netanyahu, İranın gizli atom bombası istehsalı mərkəzinin olduğunu ünvanı ilə birlikdə açıq söyləyincə, İsrailin İrana qarşı hərəkətə keçməsi üçün ABŞ-a etdiyi təzyiq daha da artdı.
ABŞ Körfəz Əməkdaşlıq Təşkilatı ölkələrindən əlavə, İordaniya və Misirlə də işləyərək, onları da İran əleyhinə koalisiyaya aktiv şəkildə daxil etməyə çalışır. İsrail onsuz da Aralıq dənizindəki təbii qaz yataqları ilə bağlı olaraq, ABŞ-ın da aktiv dəstəyi ilə, Misirlə əməkdaşlıq edir.
Orta Şərq strateji əməkdaşlığı
Xarici İşlər Nazirliyinin mətbuat katibi Hizer Nauert ABŞ-ın regionda yeni Orta Şərq strateji əməkdaşlığı yaratmaq üçün fəaliyyətdə olduğunu açıqladı. Bu strateji əməkdaşlığın İsrail və Səudiyyə Ərəbistanının maraqlarını qoruyacaq bir strateji ortaqlıq olacağı məlumdur.
ABŞ hazırda Türkiyənin bu təşəbbüsə verəcəyi reaksiyanın necə olacağını bilmir, ancaq Türkiyənin hadisələrin bu istiqamətdə inkişaf etməsindan elə də xoşlanmayacağı təxmin edilir.
Anlaşılan odur ki, regionun yaxında hüzura qovuşması atılan bu addımlara görə çox çətin görünür.