“Hücum olsa, Vaşinqtonun davranışı dəyişiləcək”
Rusiyanın Şərqi Ukraynaya hücumu variantında Ağ Ev ukraynalılara letal (öldürücü-red.) silah verilməsi haqda müsbət qərar qəbul edə bilər.
Strateq.az xarici KİV-ə əsasən bildirir ki, ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stiven Payfer indiki durumu şərh edərkən deyib: “Mən Ukraynaya əlavə hərbi yardım uğrunda çoxdan çıxış edirəm”.
Onun fikrincə, xarici dövlətlərə silah vermək qərarı barədə müstəsna səlahiyyəti olan ABŞ prezidenti Minsk razılaşmasının icrasını pozmaqdan ehtiyatlandığı üçün Ukrayna üzrə hələlik bu cü qərar qəbul etməyib: “Atəşkəs haqda indiki razılaşma davam edərsə, düşünürəm ki, Ukraynaya silah verilib-verilməməsini prezident həll edəcək. Hücum halında isə Vaşinqtonun davranışı dəyişiləcək”.
Eyni zamanda Payfer hesab edir ki, əsas güc münaqişənin sülh yolu ilə həll edilməsinə yönəldilməlidir.