XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 October 2018 - 23:11

ABŞ RUSİYAYA DƏRS VERMƏK QƏRARINA GƏLİB:"Qadağan olunmuş qanadlı raket sistemləri məhv ediləcək"

Aleksey Arestoviç, hərbi ekspert

“Apastrof”, Ukrayna

 

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison Rusiyaya xəbərdarlıq edib ki, ABŞ Rusiyanın qadağan olunmuş qanadlı raket sistemlərini onlar aktiv hala gətirilməmişdən öncə məhv edəcək.

Vaşinqton hesab edir ki, Rusiya “Kiçik və orta mənzilli raketlərin ləğvi haqqında” müqaviləni pozaraq, quruda yerləşdirilməsi nəzərdə tutulan raket sistemlərinin işlənib hazırlanması ilə məşğuldur. Bu sistemlər Avropaya ildırımsürətli nüvə zərbəsinin vurulmasına imkan verəcək. Ona görə də ABŞ müttəfiq ölkələrdən hər hansı birinə təhdid daşıyan raketləri məhv etməklə təhdid edir.

Key Beyli Hatçison ABŞ-ın NATO-dakı səfiri olduğuna görə, bu bəyanat müttəfiqləri sakitləşdirmə xarakteri daşıyır. ABŞ nəzərdə tutur ki, əgər rus raketləri tətbiq olunacaqsa, onlar məhv ediləcək. Söhbət ABŞ-ın bu raketlərin saxlandığı yerlərə zərbə endirməsindən deyil, raket hücumundan müdafiə sistemindən gedir.

ABŞ-la Rusiya arasında hər hansı bir hərbi və ya silahlı münaqişə olması məsələsini həmən müzakirədən çıxarmaq lazımdır. Axı, hazırda Rusiya Federasiyasında silahlanmada olan raketləri necə məhv etmək olar? Məncə, raketdən istifadə təhdidi olduğu, döyüş əməliyyatına keçildiyi halda ABŞ-ın bu raketləri məhv etməyə qadir olduğu nəzərdə tutulur. Çünki bunu başqa cür necə etmək olar? Əgər Rusiya raketləri ləğv etmək istəməsə, ABŞ nə edəcək? Heç nə. Anbarlara zərbə endirəcək?! Bu, artıq çox olar.

Söhbət 1987-ci ildə imzalanan, Avropada və dünyada vəziyyəti çox gərginləşdirən silahların məhv edilməsini nəzərdə tutan “Kiçik və orta mənzilli raketlərin ləğvi haqqında” müqavilədən gedir. Bu raketlər 5500 km-dək uçuş mənzili olan operativ-strateji təyinatlı raketlərdir. Onlar bu raketləri ləğv etməyə başladılar, hətta raport verdilər ki, guya, məhv ediblər. Ancaq sonradan aydın oldu ki, Rusiya özbaşına müqavilədən çıxıb və strateji hücum silahları sferasında olan başlıca sənədlərdən birini pozub. Bu, beynəlxalq hüquq baxımından kəskin demarşdır və müqaviləni imzalayan digər dövlətə münasibətdə həddindən artıq qeyri-dost addımdır.

Və bu, heç də Rusiyanın pozduğu birinci müqavilə deyil. Ona görə də ABŞ, görünür, qərara gəlib ki, daha yetər, Rusiyaya dərs vermək lazımdır. Ümumiyyətlə, bu məsələdə sistemli hərəkət etmək lazımdır. Sistemli hərəkət etmək ondan ibarətdir ki, görünür, ABŞ bu müqavilənin pozulmasına görə Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcək.

Hesab edirəm ki, müqavilə qüvvədə qalmayacaq, çünki Rusiya gərginliyi artırmağa gedir və onu şüurlu olaraq pozub. Və bu hərəkət – pozuntu onun siyasətinə tamamilə uyğundur. Düşünmürəm ki, Rusiyanın bu müqaviləyə əməl etməsi onun siyasətində radikal dəyişiklik olmadan, məsələn, Putin hakimiyyətdən uzaqlaşdırılmadan mümkündür.

Tərcümə Strateq.az-ındır