XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 October 2018 - 18:16

Bu gün Paşinyan istefaya gedir –Ermənistanda növbədənkənar parlament seçkilərinə start verilir

Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 16-da istefaya gedəcəyi gözlənir. Məqsəd parlamentin buraxılması və ilin sonunadək erkən seçkilərin keçirilməsinə nail olmaqdır.

Paşinyanın partiyası Yerevanda mer seçkisində qəti qələbə qazanandan sonra o, siyasi opponentlərini parlamentdə malik olduqları üstünlükdən məhrum etməyi qarşısına məqsəd qoyub. Vaxtilə parlamentdə müxalifəti təmsil edən Paşinyan həftələrlə davam edən etirazlardan sonra mayda hakimiyyətə gəlib. Etirazlar Respublikaçı Partiyasından Serj Sarkisyanı istefaya getməyə məcbur edib.

Oktyabrın 16-da hökumətin iclasından öncə Paşinyan deyib ki, Ermənistan yeni tarixi dönəmə girir və yazda başlanmış qeyri-zorakı məxməri inqilabı tamamlamalıdır. Paşinyan oktyabrın 16-da axşam daha dəqiq bəyanat verəcəyini də açıqlayıb.

Paşinyanın sözçüsü Arman Egoyan oktyabrın 15-də mətbuata demişdi ki, baş nazir oktyabrın 16-da istefa verəcək.

Baş nazir özü də ötən həftə Fransanın “France 24” televiziyasına müsahibəsində həmin tarixi dilə gətirmişdi. Egoyan “Azadlıq” radiosuna deyib ki, Paşinyan açıqlama verəndən bir gün sonra hökumət fövqəladə iclas keçirəcək.

Ermənistan konstitusiyasına görə, baş nazir istefa verir, parlament iki həftə ərzində onun yerinə kimsəni təsdiqləyə bilmirsə, erkən seçkilər təyin olunur.

(Azadlıq radiosu)