Əfqanıstanın Hilmənd əyalətində parlament seçkilərində namizədliyini irəli sürmüş Cabbar Qəhrəmanın seçkiqabağı qərargahında baş verən partlayış nəticəsində siyasətçinin özü və daha 2 nəfər həlak olub, 7 nəfər isə yaralanıb.
AZƏRTAC TOLOnews telekanalına istinadla xəbər verir ki, partlayış oktyabrın 17-də səhər saatlarında Laşgargah şəhərində törədilib. Əyalət qubernatorunun nümayəndəsi Ömər Zvakın sözlərinə görə, partlayıcı qurğu siyasətçinin divanına yerləşdirilib.
Əfqanıstanın daxili işlər naziri Vais Əhməd Barmak hadisə ilə bağlı 3 nəfərin saxlanıldığını bildirib. 1TV telekanalı partlayışın məsuliyyətini “Taliban” hərəkatının üzərinə götürdüyü barədə məlumat yayıb.
Qeyd edək ki, həlak olan siyasətçi əvvəllər Əfqanıstan prezidentinin təhlükəsizlik məsələləri üzrə nümayəndəsi olub.
Ölkədə qeyri-sabitlik səbəbindən iki illiyə təxirə salınmış parlament seçkiləri bu il oktyabrın 20-nə, prezident seçkiləri isə 2019-cu il aprelin 20-nə təyin olunub. Əfqanıstan parlamentinə seçkilər sonuncu dəfə 2010-cu ildə keçirilib.