Krımın şərqində yerləşən Kerç şəhərinin politexnik kollecində baş verən partlayış nəticəsində həlak olanların sayı 18 nəfərə çatıb.
TASS informasiya agentliyi xəbər verir ki, hadisə nəticəsində, həmçinin 47 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin regional şöbəsinin mətbuat xidməti 37 nəfərin xəstəxanalara yerləşdirildiyini bildirib. Yaralılardan 6-nın vəziyyəti ağırdır.
Partlayışı törətməkdə şübhəli bilinən şəxs intihar edib. Onun kollecin tələbəsi olduğu bildirilir.
Xatırladaq ki, oktyabrın 17-də günorta saatlarında Kerç şəhərindəki politexnik kollecində partlayış baş verib. Rusiya İstintaq Komitəsi insidenti terror aktı kimi qiymətləndirib. Milli Antiterror Komitəsi təhsil müəssisəsinin yeməkxanasında quraşdırılan partladıcı qurğunun metal hissəciklərlə doldurulduğunu bildirib.
Hadisə yerinə gələn Krımın başçısı Sergey Aksyonov baş verənləri böyük faciə adlandırıb.
Partlayışdan sonra Krımda təhlükəsizlik tədbirləri gücləndirilib/Azərtac.