XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 13:41

Səudiyyə Pakistana 6 milyard dollar yardım ayırdı –Xaşuqcinin qətli İslamabadın "işinə yarayıb"

Pakistan hökuməti bildirir ki, Səudiyyə Ərəbistanı İslamabada bir il müddətində 3 milyard dollarlıq xarici valyuta dəstəyi verməyi vəd edib. Səudiyyə bundan başqa Pakistana neft idxalı ödənişləri ilə üç il müddətində qaytarılacaq daha 3 milyard dollar verəcək.

Pakistanın iqtisadi çətinliklərdən xilası üçün veriləcəyi deyilən bu yardım paketinin məbləği təhlilçilərin proqnozlarındakı məbləğdən xeyli çoxdur. Bu kredit Pakistanın Beynəlxalq Valyuta Fonduna ödənişlərini asanlaşdıracaq.

Səudiyyə Ərəbistanı bu təklifi Pakistanın baş naziri Imran Xanın Səudiyyədə keçirilən böyük investisiya konfransında iştirak etdiyi bir vaxtda verib. Təhlilçilər diqqəti belə bir məqama çəkirlər ki, bir çox dövlət başçıları səudiyyəli jurnalist Camal Xaşuqçinin İstanbul konsulluğunda qətli ilə bağlı bu konfransı boykot ediblər.

Səudiyyənin investisiya konfransını boykot edənlərin arasında ABŞ maliyyə naziri Steven Mnuçin və BVF-in baş direktoru Kristin Laqard da var. Pakistanın baş naziri bu konfransa yollanmazdan əvvəl demişdi ki, onun ölkəsinin xarici valyuta ehtiyatlarının artırılmasına ciddi ehtiyacı var. Bu ehtiyat son dörd ildə ən aşağı həddinə düşüb və Pakistanın idxal mallarının dəyərini ödəmək üçün yalnız iki aylıq xarici valyutası qalıb. Bundan başqa ölkə aldığı kreditlər üzrə ödənişləri etməkdə çətinlik çəkir.

Pakistanın maliyyə naziri Əsəd Umar oktyabrın əvvəllərində BVF-dən danışıqlar ricası etmişdi. İslamabad son beş ildə artıq ikinci dəfədir ki, BVF-dən yardım istəməlidir. BVF-in nümayəndə heyəti Pakistana noyabrın 7-də səfər edəcək.

Xanın ilk xarici səfəri də ötən sentyabrda Səudiyyə Ərəbistanına olmuşdu. Lakin o vaxt Səudiyyədən hər hansı ümidverici vəd almaq mümkün olmamışdı. Pakistan ilk növbədə neft idxalının ödənməsi üçün kredit almağa ümid edirdi. Pakistanın Xarici İşlər Nazirliyi bildirib ki, Xanın budəfəki səfəri daha uğurlu olub.

(Azadlıq radiosu)