XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

24 Oktyabr 2018 - 17:12

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri jurnalistin qətlinə dair dəlillərlə tanış olub- Türkiyədə

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının əməkdaşları jurnalist Camal Xaşuqcinin qətli ilə bağlı əllərində olan bütün dəlil-sübutları ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspelə göstəriblər.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, təhqiqat çərçivəsində əldə olunan video çəkilişlər və səs yazıları da daxil olmaqla, bütün dəlillər MKİ rəhbərinə kəşfiyyat xidmətində keçirilən brifinq zamanı təqdim edilib.

Bu ərəfədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Cina Haspel Camal Xaşuqci ətrafında yaranmış vəziyyəti Türkiyənin yüksək vəzifəli şəxsləri ilə müzakirə etmək üçün Ankaraya gəlib. ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ağ ev hadisə ilə bağlı qərarını onun raportundan sonra elan edəcək.

Xatırladaq ki, Camal Xaşuqci oktyabrın 2-də sənədləşmə ilə bağlı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin konsulluqda öldüyünü təsdiqləyib və buna səbəb kimi diplomatik missiyada yaranmış mübahisəni göstərib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə oktyabrın 23-də Xaşuqci işi barədə açıqlamasında səudiyyəlı jurnalistin planlaşdırılmış bir cinayətin qurbanı olduğunu bildirib.

İndiyədək krallıqda cinayət işi ilə bağlı 18 nəfər həbs olunub. Səudiyyə Ərəbistanının kralı mərhumun ailə üzvlərini qəbul edərək onlara başsağlığı verib.