AFR kansleri Angela Merkel bəyan edib ki, hazırkı vəziyyətdə Almaniyadan Səudiyyə Ərəbistanına silah-sursat ixracı mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bu arada Ər-Riyad Kaşıkçının Səudiyyə Ərəbistanının İstanbulda yerləşən Baş konsulluğunda qətlinin ikinci versiyasını yaymağa macal tapıb. Lakin hələ Səudiyyə kral evinin vəliəhd şahzadə Məhəmməd bin Salman Al Səudun öldürülən tənqidçisinin ailəsinə başsağlığı verməsi barədə məlumat yayılmamışdı.
Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetində dərc olunmuş baş məqalədə deyilir ki, “Angela Merkelin Səudiyyə Ərəbistanına gələcəkdə silah-sursat tədarükündən imtina etməsi düzgün istiqamətdə atılmış addımdır”. Lakin bəzən, xüsusən siyasətdə qəbul olunan düzgün qərarlar yanlış səbəblərə əsaslanır.
Bununla belə, federal hökumətin koalisiya sazişində açıq-aydın qeyd olunur ki, Almaniya Yəməndə müharibəyə cəlb olunan ölkələrə silah satışı həyata keçirməməlidir. Yəməndə müharibə davam edir və Səudiyyə Ərəbistanı bu müharibədə aparıcı qüvvədir. Buna baxmayaraq, Almaniyada silah-sursat istehsalçıları indiyədək neft krallığı ilə gəlirli biznes aparıblar. 2018-ci ilin birinci rübündə Səudiyyə Ərəbistanına silah ixracına icazə verən razılaşmaların sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 4 dəfə və yaxud pul ekvivalenti ilə götürsək, təxminən 160 milyon avro artıb. Səudiyyəlilərə satılan və artilleriya qurğularının olduğu yeri müəyyən edən 4 sistemi nəzərdə tutan silahların satışı ilə bağlı razılaşma AFR hökuməti tərəfindən sentyabrda təsdiq olunub.
Yəməndə 10 mindən çox insanın ölümünün də əngəl ola bilmədiyi silah satışı barədə mövzu Camal Kaşıkçının qətlindən sonra yenidən gündəmə gəlib.