İranın aparıcı komandirlərindən biri Səudiyyə Ərəbistanını Tehrana qarşı ABŞ-ın yeni sanksiyalarına qoşulmaqla tanınmış jurnalisti öldürməsindən diqqəti yayındırmağa çalışmaqda suçlayıb.
“Səudiyyə Ərəbistanı asanlıqla çıxa bilməyəcəyi bir çıxmaza düşüb. Səudiyyə rəhbərləri səudiyyəli jurnalist Camal Xaşuqcinin Türkiyədəki konsulluqlarında öldürülməsindən dünyanın və regionun diqqətini yayındırmağa çalışırlar”, – İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) təhlükəsizlik rəhbərinin müavini, briqada generalı İsmayıl Kövsəri oktyabrın 23-də İranın Mehr xəbər agentliyinə deyib.
“Bu cinayətin bu metodlarla asanlıqla silinməyəcəyini bilməlidirlər. Səudiyyə liderləri hərəkətlərinə görə, cavab verməlidirlər”, – Kövsəri deyib.
Səudiyyənin təhlükəsizlik xidmətləri oktyabrın 23-də elan ediblər ki, İİKK-nın xarici əməliyyatlarına (Qüds qüvvəsi) başçılıq edən Qasım Süleymani qara siyahıya salınır. İİKK-nın digər komandirləri Həmid Abdullahi və Əbdül Rza Şahlayi də siyahıya daxil edilib.
ABŞ-ın Maliyyə Departamenti 2011-ci ildə Süleymani, Abdullahi və Şahlayini Səudiyyənin Birləşmiş Ştatlardakı keçmiş səfiri Adil Əl-Cübeyrə qarşı sui-qəsd cəhdində əlaqəli olmaqda ittiham edib, onlara qarşı sanksiyalar tətbiq olunub.
Səudiyyənin “Qüds qüvvəsi” rəsmilərinə sanksiyaları ilə eyni gündə Birləşmiş Ştatlar, Səudiyyə və Fars Körfəzinin daha beş ölkəsi bir neçə iranlını qara siyahıya saldığını bildirib. Onların Əfqanıstan Talibanı ilə əlaqəli olduğu bildirilir.
Azadlıq Radiosu